Könül Nuriyeva
Sənət 17:40 03.12.2021

Ölümün beləsi...

Könül Nuriyeva

"La mort heureuse" adlı romanın qəhrəmanının ölümü ilə bizim ölümümüz arasında fərq varmı? Əgər varsa, xoşbəxt ölənlər özləriylə özgələşmədən əvvəl daha xoşbəxt idilər, ya ölüm anında?

Özüylə özgələşmə nədir, mən özümlə yadlaşanda əsl özümü harda qoydum? O var idimi? Və bütün bu məsələlərdə vicdanın mühakiməsi hansı səviyyədə durur, ittihamı çox ağırdımı?

"Xoşbəxt ölüm"ün Zaqreyi Mersosundan güclü şəkildə fərqlənmir. Zaqreyin ölümdən əvvəlki kədərli üz ifadəsi Mersonun simasına hopur. Bütün intihar məktublarının bu cümləsi hər sətirdən bar-bar bağırır: "Mən başa düşürəm ki, həddindən artıq çox şey istəyirəm". Həmişə mənə elə gəlib ki, "mən çox şey istəmirəm" cümləsi yuxarıdakı cümlənin sərt şilləsi kimidir, yonulmamış, siyasətsiz, dikbaş ifadə formasıdır. Münasibətlərdə tez-tez təkrarlanan "mən çox şey istəmirəm"lər ilk dəfə bu fikri sual şəklində həyatdan, sonra dostdan, daha sonra oxuduğu kitablardan, ən sonda sevgilidən soruşur. Soruşan andan etibarən insan ölməyə başlayır. Soruşan andan münasibətlər, yaşayış tərzi addım-addım ölümə qədəm açır. 

Və nəyəsə görə bu yol adamı üşüdür. Üşüyə-üşüyə suallar unudulur, sonra adın, sonra yazdıqların, ən sonda isə ölümün. Zaqreyin ölümü kimi...

Zaqrey romanın əvvəlindən oxucuya tərəf boylanır və deyir ki, bizim özümüz olmağa vaxtımız yoxdu. Vaxt yalnız xoşbəxt olmağa çatır.

Martanın həyatında ilk kişi olan Zaqrey əlil arabasında oturub, sanki illərdir Martanın onu Merso ilə tanış etməsini gözləyirdi. Zaqrey isə xoşbəxtlik tələbatına insan ürəyinin ən nəcib istəyi kimi baxırdı. Pul qazanmaq üçün kələkdən çəkinməyən Zaqrey ayaqlarını itirməsəydi, xoşbəxtlik hissinə, xoşbəxtlik iradəsinə malik olan hər kəsin mütləq varlı olması, buna haqqı çatması barədə düşüncələriylə kim bilir nələrə nail olardı?!

Zaqrey qəzaya düşdüyü vaxtdan bəri dəfələrlə silahı ağzının içinə salıb, ölümlə nəfəs-nəfəs oyunu oynayırdı. Ölümün yüngüllüyünü, həyatla vidalaşmağın dəhşətini özünə süni surətdə dəfələrlə yaşadan Zaqreyə tamaşa edən Merso onun haqqında bitmiş adam kimi düşünürdü. Ölüm oyunu oynamaq ölümə doğru birinci addım idi. 

Zaqrey ölümün təsdiqedici olduğunu söyləyib, özünün həyatın künc-bucağında qaldığını təkrarlayırdı. Bura qədər, yəni Mersonun Zaqreyi tapança ilə vurmasına qədər yazıçı ölümü istehzalı olaraq, təbii ölüm sayılırdı. Bundan sonra isə romanın şüurlu ölüm hissəsi başlayır.

Kamyu kimsənin cəsarət etmədiyi şəkildə ölümü qocalar haqqında söhbətiylə qamçılayır. Qocaların əsl əbləh olduğunu, onların özündən müştəbehliyini, yaşları çoxaldıqca tələbkar olmaqlarına haqq qazandırmasını Selestin diliylə desə də, hər halda deyir. Daim böyür-başımızı kəsdirən və mütləq şəkildə xəstəlikdən danışan kaftarlarla eyni otağı bölüşməyin dadını hiss etməyənlər, hörmət kəlməsindən özünümüdafiə kimi istifadə edərək nəsihətə başlayacaqlar. Adamın sual verməyi gəlir: "Sən eyni otaqda səninlə səhərə kimi çərənləyən, öyüdü gecənin yuxu vaxtı yerli-yerində hesab edən, sən söhbətə reaksiya verməyəndə yalandan saatlarla öskürən xırıltılı və saxta varlıqla bir gecə keçirtdin heç?!"

Hökm etməkdən əl çəkməyən, qocalığını qoca kimi yaşamayanlar, xəstəliklərini diqqət çəkmək üçün manipulyasiya şəklində istifadə edənlər Selestin yaramaz adlandırdığı qocalar idi.

Mersonun həyatının ölümdən, məhz anasının ölümündən əvvəl, kasıblığın gözəlliyi deyilən və həqiqətən də real olan həyatı var idi. O bilirdi anası on ildi xəstədir, həyatı bir tükdən asılıdır, amma buna baxmayaraq, neft lampasının işığındakı şam etmələrindəki sadəlik və yalqızlığın gizli xoşbəxtliyini heç nə poza bilmirdi. Anası bir saatın içində öləndən sonra, Merso öz xoşuyla həyatdan uzaqlaşmaqla kədəri həyatla özünün arasına məharətlə yerləşdirdi. İkinci ölüm yaxınlaşırdı...

O, əvvəllər bir şey istəyirdi: "Öz bədbəxtliyinə mətanətlə yanaşmaq". Bu, adətən qarımış, çalışqan və namuslu qızların əsas xüsusiyyətidir. Sonra şənbə gününü azadlıq adlandırdığı halda, bazar gününə hədərə gün deməyə başladı. Əslində bazar günü xırda alaq otundan tutmuş böyük şəhər avtobuslarına kimi hər şey, hər kəs normal və adi qaydada  işlərini görür, böyüyür, artır, hərəkət edirdi. Mersoya gördükləri mənasız gəlməyə başlayırdı və bu, ölümə doğru üçüncü addım idi. 

Hətta ilk vaxtlarda Marta ilə addımlayanda onun yanında öz gücü və cəsarəti ilə öyünsə də, başqa kişilərin onun qadınına yönəlmiş baxışlarından əzab çəksə də, düşünürdü ki, nə yaxşı Marta kifir deyil. Onda ikiqat iztirab çəkərdi.

Zaqreyi öldürəndən sonra Marta da Merso üçün əhəmiyyətini itirdi. Günlər keçdikcə Merso özü-özü üçün də əhəmiyyətsiz birinə çevrilirdi. Həmişə fikir vermişəm ki, insanlar həyata bağlılıqlarını itirməyə başlayanda büzüşürlər. Özlərini küncə sıxılmış və çox balaca hiss edirlər. Merso yol gedir və insanlara baxırdı, o özünü çox inamsız biri kimi təsəvvür edir, özünə kənardan yazığı gəlirdi. Bu, insanın ölümə doğru növbəti və ən təkanverici addımı idi. Merso öz varlığının sərhəddindən kənara atılırdı, bunu hansı qüvvənin etdiyini bilmirdi. Onun içində dərin quyu vardı və bu quyu insan həsrəti çəkirdi. İnsanların arasında insan həsrəti çəkirdi...

Merso hələ fərq etmirdi ki, canını qurtarmağa çalışdığı səkkiz saatlıq iş günü bəlkə də onun xoşbəxtliyi, bəlkə də ölümdən uzaqlaşdıran səbəb idi. O Zaqreyi öldürüb, pullarını götürəndən sonra tənhalıq hissi onu boğmağa başlamışdı. Bu hadisədən əvvəl isə başıqarışıq, məşğul adam idi. O, qeyri-ixtiyari olaraq Praqanı seçmişdi, yeknəsək, rəngsiz, adamı darıxdıran şəhəri... Dörd gün burda olmasına baxmayaraq, özünə daraq ala bilmirdi, almağı unudurdu, pırtlaşıq saçlarla gəzirdi. Nəyinsə çatmadığını bilirdi, dumanlı hiss edirdi, amma onun nə olduğunu heç cürə başa düşmürdü.

Merso geriyə, əvvəlki həyatına qayıtmaq istəyirdi. O, qatar vaqonunda iki sutka keçirərək, stansiyaların heç birində düşməyib, çirkli dünya ilə əlaqəsini təsdiqləmək istəyirdi. Razılaşmaq, qəbul etmək, hamı kimi olmaq, hadisələrə, özünə, insanlara adi baxmaq istəyirdi. Axtardığı xoşbəxtlikdən iyrənirdi.
Bunun səbəbi isə onun yeni "mən"ini işgəncələr içərisində yaratmağı idi. İndiyədək bütün həyatını oynamışdı, həm də bərbad aktyor kimi. Martanı sevməmişdi, şöhrətpərəst görünmək üçün yanında gözəl qadını saxlamışdı, onunla addımlamışdı. Onun qəlbində məhəbbət yox, özünəvurğunluq, gücündən həzz almaq var idi. Marta ilə teatra getdiyi axşamları sevirdi, nəinki qadını. Hamı çevrilib onlara boylananda Mersonun şöhrətpərəstliyi tam təmin olunurdu. Hətta qadınla yataqda da təmasdan, toxunuşdan sevgi duymaq yerinə, hökmlü meyil hissi keçirirdi: "Qarşımda belə gözəl bədən var, o mənimdi, nə istəsəm, edə bilərəm, o təkcə mənimdir!"

Merso həyatla, öz həyatıyla heç cürə dil tapa bilmirdi. Kamyunun dediyi kimi, "həyatı nabat kimi sorub, ona yeni forma vermək, cilalamaq və nəhayət, sevmək". Bu istək onun damarlarından axırdı. Merso o qədər çox düşünmüşdü ki, axını unutmuşdu. Özünü axına buraxmaq, iradəsini, prinsiplərini unutmaq onun təbiətinə yad idi. Və ən qəribəsi də onun ətrafında heç kim onunla bu barədə danışmır, onun yadına idealistlərin xoşbəxt ola bilməyəcəklərini salmırdı.

Kamyu Mersonun simasında bu gün həyatla çilingağac oynayan bütün insanların əzablarını ustalıqla əks etdirib. "Xoşbəxt ölüm" romanında insanın faciəsi, onu ölümə yaxınlaşdıran addımlar - həyatın yalnız özünə məxsus olması, ağır başa gələn tənhalığı fərq edərək seçmək, nəticələrini bilərək yenə bu yoldan dönməmək, daha doğrusu, dönə bilməmək, özünü dünya qarşısında müdafiə etmək, qətiyyəti dayaq seçmək, hardasa insanı gözləyən məhəbbətə ümid etmək, şiddətli həyat çoşqusu, xarakterdəki çılğınlıq, maksimalistlik - bu genişlikdə əhatə olunub.

Kamyu ilə tanışlıqdan əvvəl də, sonra da məni daimi düşündürən suallar var; 

Bizi özümüzdən xilas edən hansı hadisələr, hansı xüsusiyyətlərimiz var?

Həyatla özümüz arasında olan uyğunsuzluğun ilk əlamətləri nə vaxtdan başlayır?

"Özümüzün güclü dəyişmək arzumuz ola-ola, başqalarının bizi təsəvvür etdiyi kimi qalmağımız özümüzlə yadlaşmanın ilk əlamətidir və biz yaxınlaşan ölümün əvəllcə bu formada gəldiyini bilmirik" fikri isə zehnimin bir küncündə əsas yer tutub.

Sonralar Kamyunun qəhrəmanının xoşbəxtlik axtarışı çox sadə və boş şeylərdə olurdu. Məsələn, çimərlikdə qaçmaq kimi. Bu yolla o, düşüncəsiz, axına buraxılmış, özü-özünü tarazlayan canlı cənnəti yaşayırdı. İnsan olmağın, özünə sevginin və hörmətin sərhədsizliyini, şüurun inkar nöqtəsini yaşayırdı. Şüur baş verənləri izah edə, sözlərə çevirə bilmirdi. Amma bütün bunlar da Mersoya bəs etmirdi, gah səhərisi gün mənasız təsir bağışlayırdı, gah da bu səbəblər, bu şərait onu qısamüddətli zövq aldığı məkana bağlaya bilmirdi, buna gücü çatmırdı.

Kamyu Mersoya "xoşbəxtlik nədir?" sualını onun hər addımında verir. Merso gah susur, gah xəstələnir, gah Polşadan Əlcəzairə səyahət edir, gah da belə cavab verir: "Xoşbəxtlik üçün şərtlər tələb etmək olmaz. Əsas olan xoşbəxtliyə yönəlmiş iradədir, onun dərk olunmasıdır. Qalan bütün şeylər: qadınlar, incəsənət, cəmiyyətdə uğur yalnız bəhanədir. Mən xoşbəxtəmsə, o yalnız ləkəli vicdanımın hesabınadır. Hətta ölüm də xoşbəxtliyə əngəl deyil, o, sadəcə, oyun qaydalarına daxil olan bir təsadüfdür".

Gücənmədən yaşamaq xoşbəxt olmağın ilk pilləsi idi, Kamyunun dövründə də, bu gün də. Bu fikrin dərki üçün dərin etiraf tələbatına boyun əymək lazımdır. Yaşadığın həyatı lap dərinliyinə kimi analiz etmək, özünün o həyatda hansı mərtəbədə olduğunu müəyyən etmək mütləq lazımdır. Bəlkə, bu zaman nəticə və gözlənilən üst-üstə düşər, xoşbəxt olmasaq da.

İnsan taleyini ölçü hesab edən Kamyunun qəhrəmanları, bu taleyin ehtirasla uzlaşmasını cəlbedici sayır. Onlar həyatı hədsiz sevdikləri üçün təbiət gözəllikləri onlara bəs etmir.

Və bədbəxt idealistlərin etdiyi ən böyük səhv yenə təkrarlanır: doğuluşdan ölümə qədər olan bütün ömürü bir ittiham və mühakiməyə çevirmək. Merso isə düşünür ki, idealist olmayan kəs sevməyi bacarmır. Pulu müstəqillik əldə etməyin sadə və sürətli yolu bilən obraz nəcib ürəyin və alçaq adamın arasında vurnuxurdu. Məhz bunun üçün Zaqreyi güllələyən Merso bu sirrini açmaq istəyirdi, heç olmasa, öz həkiminə. Zaqreyi öldürəndə aldığı ehtiras və nəm torpağın ətrini ciyərlərinə çəkəndə duyduğu həzz necə də oxşar idi!

Deyəsən, o, dünya ilə doğmalaşdırdı. Hiss edirdi ki, ömrünün axırıdı. Bu dəhşətli həqiqətlə üz-üzəydi. Xeyli vaxt xəstə olan Merso azca güclənən kimi dənizdə çimmək qərarına gəldi. Üzdü, üzdü...

Dənizin tam ortasında özünü dünyanın ortasına çatmış kimi hiss edən qəhrəman sahilə çıxanda buzlamış bədəninə fikir verməyərək xoşbəxtlikdən gülürdü.

Onun taleyi indi onun içində deyil, ətrafında dolanırdı, o güclə evinə gəlib qısqanc vurğunluqla pəncərədən bayıra baxaraq, Zaqreyin son anında gözlərinə həkk olunmuş özünə qarşı gücsüz hiddət və rəhmini xatırladı.

O, həkimə, ölümü bayğınlıqla deyil, aydın şüurla qarşılamaq istəyini bildirdi. Həkim ona adrenalin yazdı. Başa düşürdü ki, ölümdən qorxmaq elə həyatdan qorxmaqdı. Tam gücüylə yaşamayan, daim yeknəsək həyat keçirən, enişləri və yoxuşları olmayan ömrü sakit başa vuranlar, çəkingən, ehtiyatla ətrafının fikriylə hesablaşan, sevginin, nifrətin, mübarizənin, xəstəliyin dərinliyinə getməyən adamlar ölümdən qorxanlar idilər. Çünki onlar yaşamayıblar. Kamyu deyir ki, "yaşadıqları müddətdə susuzluqlarını yatıra bilməyən yolçuları ölüm həmişə həyatverici içkidən məhrum edir".

Əslində isə ölüm Mersonun dünyasında itaəti və qiyamı eyni cür qəbul edən faciəli və xoş hadisədir.

Merso dəhşətin ən xırda halını belə hiss etmədən ölümünü - son anını öz daxilində ağırlaşan daşla başa vurdu, bitirdi. Onun ölümünün yüngül olmasına Zaqreyin ölümqabağı sakitliyi böyük kömək oldu. Amma onların bir fərqi vardı. Zaqrey həyatdan istədiyini əlil olduğuna görə ala bilmədiyi üçün gözləri yaşarmışdı. Merso isə zəif deyildi, çünki o, həyatdan istədiyini - xoşbəxtliyi ala bilmişdi, çünki insanın əsas vəzifəsini - xoşbəxt olmağı yerinə yetirmişdi. Və bu proses onun özünə yadlaşmasından başlayıb, təbiətlə harmoniyasıyla başa çatmışdı. O da içindəki daşla, bu dünyanın saysız daşlarının biri olub, aydın səma, dəniz, çiçəklərin əhatəsində növbəti daş olmuşdu..