Dünya 14:42 20.01.2023

Macarıstan Ukraynaya hərbi yardımın 7-ci tranşını blokladı

Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya silah alması üçün 1,5 milyard avro dəyərində yeddinci tranşın təsdiqlənməsinə mane olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Polşa radiostansiyası RMF Aİ-nin adının açıqlanmayan yüksək vəzifəli diplomatına istinadən məlumat yayıb.

Pul vəsaiti Avropa Sülh Fondundan ayrılır, 2022-ci ildə Kiyev silah alınması üçün Fonddan təxminən 3,2 milyard avro alıb.
Radiostansiyanın məlumatına görə, Aİ ölkələri Avropa xarici işlər nazirlərinin bazar ertəsi, yanvarın 23-də keçiriləcək görüşü zamanı Budapeştə təzyiqlərini davam etdirəcəklər. Brüsseldəki diplomatlar ehtimal edirlər ki, əgər Macarıstan tranşın ayrılmasına qarşı çıxmaqda davam edərsə, o zaman Aİ ölkələri onun razılığı olmadan bunu təsdiqləyə bilər.

Nizami Bağırov