Siyasət 14:02 02.11.2023

Madat Babayan: "Xocalıda qətlə yetirilənlər Qarqar çayı sahilində kütləvi basdırılıb"

DTX tərəfindən saxlanılan Madat Babayan Xocalı soyqırımı ilə bağlı istintaqa bir sıra ifadələr verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir.

Təqsirləndirilən şəxs Madat Babayan istintaq zamanı ifadəsində bildirib ki, 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olub, 24 fevral 1992-ci il tarixində "Xolostoy” ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində Kəlbəcərin Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni silahlıları ilə Xocalı rayonunun Təzəbinə kəndində birləşərək azərbaycanlı əhalini məhv etmək məqsədilə qabaqcadan qurulmuş plana uyğun olaraq, 25 fevral 1992-ci il tarixində gecə saat 23:00 radələrində Xankəndi şəhərindən Xocalı şəhəri istiqamətində edilən hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna tərəf qaçmaq istəyən, əksəriyyəti qadın, uşaq və qocalar olmuş 150 nəfərdən çox əliyalın şəxsdən ibarət mülki əhalini həmin ərazidə pusquya salaraq avtomat silahlarından atəş açmaqla qətlə yetiriblər.

Eyni zamanda, Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini, bundan başqa 100-dən çox mülki Xocalı sakininin əsir düşdüyünü müşahidə edib.

Madat Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni silahlıları ilə birlikdə şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını qeyd edib. Eləcə də 1992-ci ilin fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə məlumat verib. İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim edib.