Ekonomiks 18:15 05.12.2022

Mahmudovun dostunun bankı məşhur iş adamını məhkəməyə verdi

Azərbaycanda tikinti, interyer dizayn, və mebel sahəsində aparıcı şirkətlərdən olan "Global İneriors Group” MMC və şirkətin sahibi Yaqub Hüseynov məhkəməyə verilib. 
 
Qaynarinfo xəbər verir ki, iddiaçı "AG Bank” Açıq Səhmdar Cəmiyyətidir (ASC).

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. 

İşin mahiyyəti barədə açıq mənbələrdə bilgi yoxdur. 

"Global İnterios Group” MMC 1998-ci ildən fəaliyyət göstərir. MMC "Bridge Group of Companies" şirkətlər qrupuna daxildir. Şirkət tikinti, təmir, planlaşdırma, interyerlərin yaradılması, mebel, dekor, material seçilməsi, landşaftın yaşıllaşdırılması xidmətləri göstərir.

Keçmiş rabitə naziri Ramin Quluzadə vaxtilə bu şirkətdə çalışıb. 

"AG Bank” ASC-yə gəlincə, ləğv prosesində olan bankın sahibi keçmiş deputat Çingiz Əsədullayev olub. Bankın rəsmi internet səhifəsində səhmdarların siyahısı və əqdləri bölməsində qeyd edilib ki, səhmlərin 33.57 faizi Çingiz Əsədullayev və ailəsinə məxsusdur. İddialara görə, bu, rəsmi şəkildə keçmiş deputata məxsus olan hissədir. Yerdə qalan hissə də qeyri-rəsmi olaraq Çingiz Əsədullayevin nəzarətində olub. 

Çingiz Əsədullayev 2010-2015-ci illərdə Milli Məclisin deputatı olub. O, 90 saylı Ağdaş seçki dairəsindən mandat qazanıb.

Çingiz Əsədullayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın dostu və biznes ortağı kimi tanınır. Onun rəhbəri olduğu bankda Eldar Mahmudova məxsus pulları saxladığı, həmin bank vasitəsi ilə xarici ölkələrdəki hesablara köçürdüyü barədə iddialar var.

Eldar Mahmudov vəzifədən çıxarılandan sonra Çingiz Əsədullayevin də ulduzu sönüb. Yeri gəlmişkən, keçmiş deputat Eldar Mahmudovla dost olduğunu heç vaxt gizlətməyib. Hətta Eldar Mahmudov işdən çıxarılanda və onun həsb olunacağı barədə xəbərlər yayılanda belə, Çingiz Əsədullayev keçmiş nazirlə dostluğunu danmayıb. 

Seyid