İdman 16:58 29.01.2024

“Mançester Yunayted”in futbolçusu gecə klubuna getdiyi üçün cəzalanıb?

"Mançester yunayted”in futbolçusu Markus Reşford cəzalandırıla bilər. 

Qaynarinfo-nun məlumatına görə, İngiltərə FA Kubokunda "Nyuport Kaunti” ilə matçda xəstələndiyi səbəbindən meydana çıxmadığı bildirilən futbolçu sən demə Şimali İrlandiyada gecə klublarının birində olub. 

Məsələ burasındadır ki, matçdan əvvəl "Mançester Yunayted” futbolçunun durumu ilə bağlı məlumat yayıb. Klubdan verilən açıqlamada Markus Reşfordun xəstə olduğu və bu səbəbdən matç üçün heyətdə yer almadığı bildirilib.

Ancaq "Atletik"də çıxan xəbərdə, Reşfordun akademiyanın yetirmələrindən biri ilə Şimali İrlandiyaya getdiyi və oradakı gecə klublarından birində görüntüləndiyi bildirilib. Britaniya mətbuatında yer alan xəbərlərdə onun cərimələnə biləcəyi deyilir. Daha doğrusu, məşqdən yayındığı üçün iki həftəlik maaşının kəsilə biləcəyi və bu məbləğin 650 min funt-sterlinq olduğu vurğulanıb. Keçən ilin noyabrında  da o, "Mançester Siti” ilə derbidən sonra gecə klubuna gedib və cərimələnib.

Qarşılaşma "Mançester Yunayted”in 4:2 hesablı qələbəsi ilə yekunlaşıb və komanda kubokun beşinci mərhələsinə yüksəlib.

Bu mövsüm Reşford "Mançester Yunayted"in heyətində 26 matçda iştirak edib. 26 yaşlı futbolçu meydana çıxdığı oyunlarda dörd qola, altı məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov