Ölkə 19:44 14.10.2022

Maşınının təmiri üçün babasının su çənini oğurladı - Nəvəsini bağışlamadı

Gəncədə nəvə avtomobilini təmir etdirmək üçün babasının su çənini oğurlayıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə oktyabr ayının 10-da Gəncə şəhəri, Gülüstan qəsəbəsi, V.Əliyev k. ev 13-də baş verib. 

Belə ki, Xəzər (ad şərtidir) babasının evinə gələrək, 80 manat dəyərində su qızdırıcısını, küçədə yerləşdirilən 150 manat dəyərində olan dəmir su çənini oğurlayıb.

Təqsirləndirilən şəxs məhkəmədə izahatında bildirib ki, hadisə ilə bağlı özünü təqsirli bilir və inzibati xəta haqqında protokolda qeyd olunan əməli törədib. Oğurluğu avtomobilini təmir etdirmək üçün etdiyini də bildirib. O, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edib.

Məhkəmə iclasında zərər çəkmiş şəxs bildirib ki, oğurluğu törədən Xəzər oğlunun oğludur. Nəvəsi onun evdə olmadığı vaxtda özündə olan açarla evə gələrək su qızdırıcını və dəmirdən olan su çənini aparıb satıb. Bu əməlinə görə onu bağışlamır. Odur ki, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş edib.

Gəncə rayon Məhkəməsinin qərarı ilə, Xəzər İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 25 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilib.

Əhməd