Dünya 10:45 08.10.2022

Mask Tayvan və Çin arasındakı münaqişəni həll etməyin yolunu tapdı

Milyarder İlon Mask Çin və Tayvan arasındakı münaqişənin öz tapdığı həll yolunu - nəzarətin bir hissəsini Pekinə ötürməyi təklif edib.

Qaynarinfo bu barədə "Bloomberg"ə istinadla xəbər verir

"Mənim tövsiyəm... Tayvan üçün kifayət qədər məqbul olan, lakin hamını sevindirməyəcək xüsusi inzibati zona təklif etməkdir... Və bu, tamamilə mümkündür və mən hesab edirəm ki, əslində onlar müqavilə bağlaya bilərlər. Honq Konqdan daha yumşaq (1997-ci ildə Honq Konq Xüsusi İnzibati Bölgəsi Çin protektoratına qayıtdı, lakin 2047-ci ilə qədər geniş muxtariyyət zəmanəti var - Red.)". 

Maskın elektrik avtomobil şirkəti "Tesla"nın Şanxayda fabriki var. Mask həmçinin bildirib ki, Pekin Çində "SpaceX"in "Starlink" internet xidmətini təklif etməyəcəyinə dair zəmanət tələb edir.

Mask Tayvan üzərində münaqişənin qaçılmaz olduğuna inanır və bunun təkcə Teslaya deyil, həm də "iPhone" istehsalçısı "Apple Inc"ə və bütövlükdə iqtisadiyyata potensial təsiri barədə xəbərdarlıq edib.

Çin demokratik Tayvana separatçı əyalət kimi baxır, lakin Tayvan özünü konstitusiyası, ordusu və seçilmiş liderləri olan suveren bir dövlət kimi görür.

Alpər