Foto 12:15 30.10.2023

Məcnun Məmmədov bölgələrdəki kənd təsərrüfatı müəssisələrinə baş çəkdi (FOTOLAR)

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bölgələrdə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinə baş çəkib.

Bu barədə Qaynarinfo-ya nazirlikdən bildirilib.

Məlumata görə, bölgələrdə yeni yaradılmış kənd təsərrüfatı infrastrukturunun, nazirliyin balansında olan müəssisələrin fəaliyyəti daim diqqət mərkəzindədir. Müxtəlif bölgələrdə fəaliyyət göstərən toxum və pambıq emalı zavodlarında, tingçilik mərkəzlərində sertifikatlaşdırılmış toxum və ting istehsalı, xam pambığın emalı həyata keçirilir. Bu müəssisələr xüsusilə toxumçuluq, tingçilik və kənd təsərrüfatı məhsullarının emalı sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayır.

M.Məmmədov Qobustan rayonunda Aqrar Xidmətlər Agentliyinin Cəngi pestisidlər poliqonunun fəaliyyəti ilə tanış olub, Qobustan toxum emalı zavoduna, Şamaxı üzüm tingçilik mərkəzinə, Ucar pambıq emalı zavoduna baş çəkib, müəssisələrin fəaliyyəti ilə maraqlanıb. Nazirə bu müəssisələrdə toxum emalı, ting istehsalı, pambığın ilkin emalı və mahlıc istehsalı barədə geniş məlumat verilib. Görüşlərdə müəssisələrin fəaliyyətinin günün tələblərinə uyğun qurulması, istehsal gücünün artırılması istiqamətində fikir mübadiləsi aparılıb.