Dünya 19:37 22.02.2023

Məhv edilmiş Rusiya tankları Aİ və NATO-ya "daxil oldu"

Ukraynada məhv edilmiş 4 rus tankı Avropaya aparılıb və burada dörd ölkədə genişmiqyaslı müharibənin ildönümündə eksponat kimi nümayiş etdiriləcək.

Qaynarinfo "Yevropeyksa pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.

"Bu gecə dörd rus tankı Avropa İttifaqı və NATO-ya "daxil olub". Amma necə deyərlər, bir nüans var. Ukrayna əsgərlərinin sayəsində. Fevralın 24-də dörd ölkənin - Almaniya, Litva, Latviya və Estoniya vətəndaşları eyni vaxtda görəcəklər ki, rus tankları Ukraynadan keçməklə Avropaya yalnız muzey eksponatları şəklində gedə bilər”, deyə Aleksey Reznikov qeyd edib.
 
O xatırladıb ki, ilk belə sərgilər artıq 2022-ci ildə Polşa və Çexiyada olub.

"Bu, həm də rusiyalılar üçün bir siqnal olmalıdır. Avropada onlar özlərinin əsl simasına diqqətlə baxacaqlar. Bu, əvvəllər ümumi qorxuya səbəb olurdu, indi isə getdikcə daha çox ikrah və nifrətə səbəb olur. Daha çox avropalı əmin olacaq ki, Rusiya döyüş meydanında məğlub ola bilər və olmalıdır da. Və ən yaxşısı bunu Ukraynada etməkdir ki, sonradan düşməni öz evinizdə dayandırmağa ehtiyac qalmasın” deyə Ukraynanın müdafiə naziri əlavə edib.

Reznikov həmçinin xatırladıb ki, təlim keçmiş Ukrayna ekipajları olan ilk Qərb tankları tezliklə Ukraynaya gələcək. Xüsusilə, Almaniyada Ukrayna tank ekipajlarına hazırda "Leopard 2" təlimi keçirilir, tankların martın sonunda Ukraynaya göndərilməsi planlaşdırılır.

Nizami Bağırov