Nazlı Ağayeva
Ölkə 14:23 29.04.2020

Mən bir tut ağacıyam...

Nazlı Ağayeva

"O tut ağacını anam əkmişdi.

– Hasarın lap dibində niyə əkdin? – deyə soruşdum.

Balaca budağı oxşaya-oxşaya cavab verdi:

– Qoy məhlənin uşaqları da yesinlər, a bala. Həyətə düşən tərəf bizə bəsdi. 

Nə yazıqlar ki, özü o ağac məhsul verəsi aralarda əlimizdən getdi. 

Dünən divar qonşum bizim tut ağacına divan tutdu. Səbəb? Tutun altından keçəndə maşınının təkərləri və özünün ayaqqabıları şirəyə batırmış... Əslində isə o da, mən də bilirik ki, səbəb başqadır.

Adam illərdir birgə yaşadığımız qocaman damın altından məni "uçurtmağa” çalışıb. Allah üçünə desək, bundan ötrü yerli rəsmilərə güvənərək davamlı, "yaradıcı” addımlar da atılıb. Və mən bu hadisə xaric o addımların bircəciyini bura yazsam, insan övladı belə zamanda dünyaya gəldiyinə peşman olar. Amma optimist xalq olduğumuzdan başıma gələnlərdən yazmıram. Sadəcə qonşunu bu işə ruhlandıran səbəblərdən birinə toxunmaq istəyirəm.  

– Mən kiməm? Neçə illərdir onun gözünün qarşısında sərhədsiz, abırsız nəhəng şərə qarşı xırdaca barmaqlarla savaş aparan bir axmaq. Qazancım nədir?
– Evsizlik, səfalət, qəzalı ayaq, gərginlikdən daim quş kimi çırpınan ürək, təzyiqdən partlayan beyin, məzmunsuz şantajlar və sairə... Və əyər belədirsə, adam şansını niyə sınamasın? Həyat min türlü təsadüflərlə doludur. Bir gün pişiyin evə qayıtmaz, bir gecə dəhşətli kabus görərsən, bir dəfə xəstəxanadan qayıdanda həyətdə əmin-arxayın qazıntı getdiyinə şahid olarsan. Belə mənasız qarabasmalara görə od qonşundan şübhə etməyəcəksən ki. Yox əyər edəcəksənsə, daha o evdə necə yaşayacaqsan? Adam eyni damın altında bütün hüquqlarla səndən üstündür. Üstəlik şahidin, sübutun da yoxdu. Lap tutaq ki, var. Kim qoruyacaq sənin sifarişlə param-parça olan haqqını? Heş kim. Çünki sən bu bölgəni idarə edənlərin qara siyahısındasan. Onların qarasına ağ demədiyin üçün sinfi düşmən elan edilmisən. Sitat cüzi dəyişikliklərlə hər bir sıravi azərbaycanlı üçün keçərlidir. Çünki bizi fərqləndirən sıxıntılarımızın növləridir.  

 Daha nə deyim, tut ağacı? Yamyaşıl yarpaqlı meyvə dolu budaqların üst-üstə töküldükcə canın çoxmu acıdı? Bu gün görürəm kəsilmiş yerlərindən su damır. Ağaclar belə şəffaf qanayırlarmı? Mənim də ürəyim rəngsiz qanayır. O baltayla, o mişarla sanki qollarımı kəsiblər, Tut ağacım. Yaralı gövdəni oxşaya bilmirəm... 

P.S. Ehh, canım Anam, artıq bu ölkədə dəyərləri qorumaq qədər mümkünsüz iş qalmayıb. Necə ki, sənin keçmiş "qoçaq” qızının da o məsum yadigarı qorumağa gücü çatmadı. Məni bağışlamayın. Sən də, Tut ağacı da...”

*

On ilə yaxının əhvalatıdır bu yazı. Ömrümün sonuna qədər yetəcək sevgi, qüssə, ümid var içində. Və bu real hekayətdə məsələ qonşu deyil. Onu bu hala gətirən mövcud idarəçiliyin qəddar ayrı-seçkilik "siyasətindən” öz xeyrinə yararlanmaq fürsətidir. Sivil, normal şərtlərlə əldə edə bilmədiyini hədəfdə olanın canından qopartmaq cəhdidir. İnsana azad vətəndaş haqlarından deyil, hakimiyyətin münasibətindən yanaşan çürük cəmiyyətdir. O isə ki, bəlkə o hakimiyyət ürəyinin gizli yerində o əqidəli vətəndaşa o çürük cəmiyyət qədər düşük mövqe bəsləmir. 

Hamımıza məlum məntiqsiz hərəkətləri boş verək... Çünki indi yazacağım gözəl cümlələr yuxarıdakı bütün ağırlıqları bir anda sıfırlayıb heçə döndərəcək. 
Nə biz bunun fərqindəyik, nə o ağac fərqində...

Qol-bud olmuş Tut ağacı o vida yazısından sonra hər şeyə rəğmən, özünü yarpaq-yarpaq, budaq-budaq bərpa edib əvvəlkindən daha möhtəşəm görkəm aldı. Ən qəribəsi o ağacın yaraları sağaldıqca mənim də ağrılarım azalmağa başlayırdı. Sanki anamın şəfqətli əlləri idi üstümüzdə gəzib bizi həyata qaytaran. 

O aralarda söykənib yeridiyim dəmir əsanı da ehtiyaclı bir əlilə bağışladım. Qonşumun varlığını unutmağa çalışdım. Çətin deyilmiş. Çox arzulasan bir baxış məsafəsindəki istəmədiyin hər şeyi, hər kəsi görməyə bilərsən. 

Bitdi dediyin yerdə başlanan möcüzələrin işığında yazdım bu yazını. Anamın tut ağacı kimi... İçimizdəki insaniyyəti qurumağa qoymayan fədakar ağaclar hər kəsin həyatında var. Qalır o fədakarlığın yaşıl işığına köklənib yaxşılığa doğru getmək. Pislik daim arxada qalacaq. Nə qədər əziyyət versə, incitsə belə, içimizdəki yaşıl işiğı söndürə bilməyəcək. 

Pafos deyib keçməyin. Lap olsa belə, kimə nə ziyanı var ki? Bizi hər fürsətdə əzməyə-sındırmağa çalışan manyak güclərin ayaqlarına düşəsi deyilik ki. Əksinə, əlimizdə olanlarla ayaqda dik qalmağa çalışacağıq. Əlimizdə olanlar yox yerdən qəfil pöhrələnən ümidlərimizdir...