Ölkə 16:41 16.05.2023

Məşhur alimin oğlu ilə qızı arasında borc və mülk davası - Səbaildəki evini satışa çıxarıb...

Bakıda məşhur alimin oğlu bacısından 9 min dollar alıb qaytarmadığı üçün məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, 1970-ci il təvəllüdlü Baba Babazadə 22 sentyabr 2021-ci ildə vəfat edən atası Oktay Babazadənin yas mərasimində iştirak etmək üçün bir günlük Bakıya gəlib. O, 1966-cı il təvəllüdlü, "BP” şirkətinin əməkdaşı olan bacısı Nigar Babazadədən 9 min dollar borc pul alaraq, Türkiyəyə geri qayıdıb. Üzərindən iki il keçməsinə baxmayaraq, borcu qaytarmayıb və Nigar Babazadə bu səbədən qardaşı barədə məhkəmə iddiası qaldırıb.

Nigar izahatında göstərib ki, qardaşı Türkiyədə yaşayır, 2 ilə yaxındır ki, Azərbaycana gəlmir. Hətta atası vəfat etdiyi zaman mərhumun yas mərasiminin və başdaşının xərcini özü ödəyib. 9.000 ABŞ dolları borc verdikdən sonra eşidib ki, qardaşı Baba Babazadə Bakıdakı avtomobil qarajını satıb, lakin ona olan borcunu ödəməyib. Üstəlik paylı mülkiyyətdə olan atalarından miras qalan evin 1/2 hissəsi üçün ondan 160.000 manat pul istəyir. 

O, qardaşının Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 90,58 kv.metr sahəsi olan mənzili satmaq istədiyini eşidib. Belə ki, qardaşı müştəri taparaq evin 1/2  hissəsini ona satmaq istəyib. Bu səbəbdən Nigar Babazadə eyni zamanda evlə bağlı da məhkəməyə müraciət edəcək. 

Nigar Babazadə məhkəmədən borcun tutulması barədə qətnamə çıxarılmasını istəyib ki, ev satılarkən cavabdeh düşən paydan həmin məbləği ala bilsin.

Baba Babazadənin yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmayıb.

Məhkəmə Baba Babazadən 9000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq, bacısı Nigar Babazadəyə ödənilməsi barədə qərar çıxarıb. O, ölkəyə qayıdacağı təqdirdə gəmin vəsaiti ödəməsə, Bakını tərk edə bilməyəcək.

Qeyd edək ki, 22 sentyabrda 2021-ci ildə fizika-riyaziyyat elmləri doktoru, geoloq alim Oktay Babazadə 82 yaşında vəfat edib.

Babazadə Oktay Baba oğlu 1939-cu ildə Bakı şəhərində doğulub. 1963-cü ildə "Dağ-mədən mühəndis-geofizik” ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Cənub Elmi Tədqiqat Geofizika İnstitutunda işləyib. SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun aspiranturasında oxuyub. "Geofiziki anomaliyalara görə Azərbaycanın yer qabığının dərinlik qırılmalarının tədqiqi” mövzusunda fəlsəfə, "Zəlzələlərin ocaq zonalarının proqnozu və seysmik geodinamikası” mövzusunda doktorluq işini müdafiə edib.

Alim tərəfindən ocaq zonalarının dərinlik yarıqlarını ayırmaq və istiqamətlərini təyin etmək üçün difraksiya dalğalarının interpretasiyası, dərinlik yarıqlarının seysmik-geofiziki göstəricələri və seysmik sərhəd relyefinə görə seysmik təhlükənin orta və uzun müddətli proqnozlaşdırılmasının korrelyasiya üsulu işlənib hazırlanıb. Zəlzələlərin proqnozu problemi ilə məşğul olub. Güclü zəlzələdən qabaq palçıq vulkanı püskürməsinin miqrasiyası hadisəsini tədqiq edib. O, Azərbaycan üçün yeni ümümi seymik rayonlaşdırma sxemini, Qafqaz-Cənub-Xəzər-İran regionu üçün seysmokinematikanın blok geodinamik və güclü zələlələrin uzunmüddətli proqnozu modelini qurub. Alim seysmik üsulların, o cümlədən əks olunan dalğaların şaquli seysmik zondlanmasının köməyi ilə kəsilişdəki kollektorları proqnozlaşdırıb və yumuşalmış süxurların inversiya sürət zonalarının müəyyən edilməsinə və əks olunan dalğa siqnallarının energetik təsəvvürlərinə əsasən flüidlə doyma dərəcəsini qiymətləndirib. Həmçinin yeni istiqamət olan struktur-ocaq seysmologiyası əsasında zəlzələlərin ocaq zonalarının seymik geodinamikası problemini tədqiq edib.

Alim 180-dən çox çap olunmuş elmi işin, 2 ixtiranın müəllifi olub. Onun rəhbərliyi altında 5 fəlsəfə doktoru yetişib.

Əhməd