Dünya 13:21 28.11.2022

Məşhur brendlər Twitter-ə reklam verməkdən imtina edir - Maska görə...

General Motors, Volkswagen, Carlsberg və digər məşhur brendlər Twitter-in yeni sahibi İlon Maskın idarəçiliyi qərarları və reklam satış komandasının əksəriyyətinin işdən çıxarılması səbəbindən Twitter reklamlarını mərhələli şəkildə dayandırmağa başlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” bu brendlərə xidmət edən bir neçə aparıcı reklam agentliklərinə istinadən məlumat yayıb

Bir neçə ixtisar dalğasından sonra Twitter-in reklam komandası o qədər kiçilib ki, reklam verənlərin istəklərinə cavab verə bilmir. Bəzi brendlər kadr çatışmazlığı səbəbindən əvvəlki reklam kampaniyalarının nəticələri haqqında məlumat ala bilmirlər. Digərləri Twitter-in reklam xidmətlərinin də pisləşdiyindən, yeni kampaniyaların başlamasını çətinləşdirdiyindən, hətta mümkünsüzlüyündən şikayətlənir.

Twitter-i satın aldıqdan qısa müddət sonra Mask söz verib ki, o, kontentin moderasiyasını yumşaldacaq, lakin bu, hələ də reklamçılar üçün təhlükəsiz və cəlbedici qalacaq. O, şəxsən brend və agentliklərin nümayəndələrinə zəng edib, onlarla şəxsi görüşlər də təşkil edib. "O, dünyanın ən böyük yenilikçilərindən biridir və platformamızı və məhsulumuzu az adamın başa düşdüyü şəkildə başa düşür", - reklamçılara ünvanlanan məktubların birində Mask haqqında deyilir.

Sosial şəbəkənin şirkətlərlə münasibətləri Maskın şirkətin 7500 əməkdaşının yarıdan çoxunu işdən çıxarmasından az sonra korlanıb. Bu, sosial şəbəkənin dezinformasiya və nifrət nitqinin yayılması ilə mübarizə apara bilməməsi ilə bağlı fərziyyələrə səbəb olub. 

Maskın özü reklamçıların gedişində, xüsusən də ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabını blokdan çıxarmaq qərarından narazı olan siyasi və ictimai fəalları günahlandırır. Onun fikrincə, onlar reklam büdcələrini azaltmaq üçün brendlərə təzyiq göstərirlər.

Digər reklam agentliyinin icraçı direktoru FT-yə bildirib ki, brendlərin platformaya qayıtması üçün hansı şərtlərin olmasını demək çətindir. "Mask tvitlər vasitəsilə inzibati qərarlar qəbul edərkən və platformada hər gün nəsə dəyişdikdə, reklamçılar arasında narahatlıq yaranır", - FT-nin həmsöhbətçisi deyib. "Tribal Worldwide” reklam agentliyinin strategiya direktoru Darren Sevic, "Maskın reklamçıları Twitter-ə qaytarmaq üçün ən yaxşı şansı yeni CEO işə götürməkdir", - deyib. Onun fikrincə, sosial şəbəkəyə "Twitterin nə olduğunu anlayan, reklam verənlərin və istifadəçilərin etimadını qazanan” rəhbərlik etməlidir.

Nizami Bağırov