Sənət 16:00 16.01.2023

Məşhur italiyalı aktrisa vəfat etdi

Məşhur italiyalı aktrisa Cina Lollobricida vəfat edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, aktrisa 95 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Luicina Lollobricida 1927-ci ildə İtaliyanın mərkəzində, Subiako şəhərində mebel ustası ailəsində anadan olub. 1946-cı ildə Luicina kinoda epizodik rolları ilə debüt edib. 1947-ci ildə "Miss İtaliya" gözəllik müsabiqəsində üçüncü yeri tutub. 1950-1951-ci illərdə aktrisa artıq Cina Lollobrigida adı ilə üç italyan filmində baş rollarda oynayıb. Lakin əsl dünya şöhrəti ona fransız kinorejissoru Kristian-Jakın "Fanfan Lalə” filmindəki gözəl Adeline obrazından sonra gəlib. Həmin filmdəki ortağı Jerar Filip ilə 1952-ci ildə yenidən çəkiliş meydançasında – "Gecə gözəlləri” filmində görüşüblər.

C.Lollobricidanın kino karyerası 1973-cü ildə dayandırılsa da, ancaq 1997-ci ilə qədər filmlərdə rol alıb. O, 50 il ərzində Avropa və ABŞ-da 60-dan çox filmdə çəkilib, onların yarıdan çoxu 1950-ci illərdə çəkilib. Onun ən diqqətçəkən rollarından biri də Jan Delannuanın rejissoru olduğu "Notr-Dam Katedralı”nda (1956) Esmeralda obrazı olub.

70-ci illərdə çəkiliş meydançasından ayrıldıqdan sonra Lollobricida peşəkar fotoqraf olub, "Mənim İtaliyam” və "Uşaqlar və Heyvanlar” mövzusunda bir neçə albom buraxıb. Paul Nyuman, Salvador Dali və Fidel Kastro onun üçün poz veriblər və sonralar Cina onlar haqqında film çəkib. Cina heykəltəraşlıqla da məşğul olub.