Texnologiya 19:10 07.03.2023

"Meta" minlərlə işçini ixtisar etməyə hazırlaşır - "Bloomberg"

"Meta" şirkəti ixtisarların yeni mərhələsini planlaşdırır və bu həftə minlərlə işçini ixtisar edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Bu, əlavə ixtisar dalğasıdır. Belə ki, şirkət artıq keçən ilin noyabr ayında işçilərinin 13%-ni - 11.000 nəfəri işdən çıxarıb. 

Bu addıma son hazırlıqlar gedir və ixtisar minlərlə işçiyə təsir edə bilər.

Nəşrin həmsöhbətlərinin fikrincə, ixtisarlar şirkətin maliyyə məqsədləri ilə bağlıdır.

Reklam gəlirlərinin azaldığını və diqqəti metaverse adlı virtual reallıq platformasına ayıran "Meta", direktorlardan və vitse-prezidentlərdən işdən çıxarıla biləcək işçilərin siyahısını tərtib etməyi xahiş edib.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ixtisarın bu mərhələsi gələn həftə başa çata bilər. Plan üzərində çalışan işçilər ümid edirlər ki, şirkətin baş direktoru Mark Zukerberq uşaq baxmaq məzuniyyətinə gedənə qədər plan hazır olacaq.

Bu ilin noyabr ayının sonuna olan məlumata görə, İT nəhəngləri 56 minə yaxın işçini işdən çıxarıb.

Nizami Bağırov