Ölkə 14:53 12.08.2022

MİDA-nın növbəti satışı qanunsuz müdaxilələrdən sığortalanıbmı?

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə daha 815 güzəştli mənzili satışa çıxarır. Onların satışına bu ilin sentyabrın 15-i saat 11.00-da start veriləcək. Proses bir həftə ərzində, sentyabrın 22-i saat 11.00-a qədər davam edəcək.

Qeyd edək ki, bu ilin mart ayının sonlarında keçirilən ilk proses qalmaqalla yadda qalıb. Belə ki, həmin dövrdə satışın həyata keçirilməsi prosesinin başlanmasından 6-7 saniyə keçməmiş satışa çıxarılan 442 mənzilin hamısı satılıb. Bu əsasda da satış prosesində iştirak edən 9 minə yaxın müraciət edənin əksəriyyəti seçim prosesinin qeyri-şəffaf keçirildiyini bildirib. 

Sonradan baş verən hadisə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanıldı. Nəticədə prosesə qanunsuz müdaxilə etdiklərinə görə 6 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 

İndi sual yaranır, növbəti güzəştli mənzil satışı bu sayaq qanunsuz müdaxilələrdən sığortalanıbmı? 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən "Liberal İqtisadçılar” Mərkəzinin sədri Akif Nəsirli mövcud insidentin və yaxud ona bənzər digər neqativ halların növbəti dəfə təkrarlanmayacağına zəmanət vermir:
 


"Mənzillərin verilmə mexanizmində heç bir dəyişiklik edilməyib. Sistem həmin sistemdir. Kənardan müdaxilə etdikləri deyilən 6 nəfər həbs olunub. Amma sistemə nəzarət edən komanda da heç bir dəyişiklik yoxdur. Nə mexanizm, nə sistem dəyişib, ona nəzarət edən komanda da əvvəlkidir. Sistemə nəzarət edən komandanın xəbəri olmadan kənardan müdaxilənin edilməsi isə mümkünsüzdür. Ona görə qarşıdakı ayda olacaq satış prosesinin də əvvəlki kimi insidentlərlə müşayiət olunmayacağına zəmanət yoxdur”.

Məsələ ilə bağlı MİDA-nın mətbuat xidmətilə əlaqə saxlasaq da, qarşı tərəf yalnız yazılı müraciətə cavab verə biləcəklərini deyib, sualımızı cavablandırmaqdan yayındı. Halbuki verdiyimiz sual xüsusi araşdırma və ya analiz tələb etmədiyi üçün, dərhal cavablandırmaq mümkün idi. Sual bəsit idi: Növbəti satış qanunsuz müdaxilələrdən sığortalanıbmı? Qurumun mətbuat xidməti bu sualın cavabını bilmirsə, deməli, ya o yerində deyil, ya da Agentlik doğrudan da işləmir.

"Yazılı müraciət" tələbi isə (Artıq MİDA ilə bu təcrübəni yaşamışıq!) bürokratik əngəldən başqa bir şey deyil. Bu qurum ötən dəfə də yazılı müraciətə heç bir xüsusi araşdırma zərurəti olmasa da, 14 iş günündən sonra cavab vermişdi. 

Halbuki, təxminən 20 iş günündən sonra 815 mənzilin yenidən satış prosesi başlayır. Agentlik yaranan sual və şübhələri aradan qaldırmaq üçün daha operativ, daha şəffaf çalışmaq, prosesə yenidən inam yaratmaq əvəzinə, mediadan qaçırsa, deməli, bu qurumda problemlər daha dərindir!

Rüfət Sultan