İdman 11:32 18.10.2022

Milli komandalarımız Qran-pridə iştirak edəcək

İngiltərənin Mançester şəhərində taekvondo və parataekvondo üzrə Qran-pri turniri keçiriləcək.
 
Qaynarinfonun məlumatına görə Azərbaycan millisi hər iki yarışda qüvvəsini sınayacaq. 

Ölkəmiz oktyabrın 20-də baş tutacaq parataekvondoçuların mübarizəsində baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Röyalə Fətəliyeva (K44, 47 kq), Sabir Zeynalov (K44, 58 kq), İmaməddin Xəlilov (K44, 70 kq) və Əbülfəz Abuzərli (K44, 80 kq) ilə təmsil olunacaq. Komanda Mançesterə bu gün yollanacaq. 
Taekvondoçuların yarışında isə Qaşım Maqomedov (58 kq) dayanq üzərinə çıxacaq. O, Qran-priyə oktyabrın 19-da baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında yollanacaq. Yarışda taekvondoçular oktyabrın 21-23-də gücünü yoxlayacaq. 
 
Cavad Ağayev və Fəridə Əzizova yarışa dəvət alsalar da zədə səbəbindən iştirak edə bilməyəcəklər. Mançesterdə döyüşləri idarə edəcək hakimlər sırasında beynəlxalq dərəcəli referimiz Aygün Abdullayeva da olacaq.
 
Səbuhi Həsənov