Amal Abuşov
İdman 11:40 23.09.2022

Milli qalib gələndə nədən yazmalıyıq?

Azərbaycan millisi dünən axşam azarkeşlərini sevindirdi. Slovakiyanın Trnava şəhərindəki Anton Malatinski stadionunda keçirilən qarşılaşmada komandamız yerli yığmaya 2:1 hesabıyla qalib gəldi. Bəli, bu qələbə hər bir azərbaycanlı futbol azarkeşini sevindirir. Dəfələrlə demişik. AFFA-ya kimin rəhbərlik etməsinin, yığmanın baş məşqçisinin kim olmasının məsələnin mahiyyətinə dəxli yoxdu. Bu komanda uğuruyla da, məğlubiyyətiylə də bizimdi. Ondan üz çevirəsi deyilik.

Amma yığmadakı nöqsanları, AFFA-nın Azərbaycan futboluna münasibətindəki yanlış davranışlarını indiyə qədər demişik, bundan sonra da deyəcəyik. Çünki bu cür təsadüfi qələbələr Azərbaycan futboluna son 15 ildə xərclənən milyonların qarşılığı deyil. Həmin milyonlar göyə sovrulub, kimlərinsə cibinə doldurulmasaydı, indi Azərbaycan millisi bu cür təsadüfi qələbələrin ümidinə qalmazdı, onun azarkeşləri belə kiçik uğurlarla təskinlik tapmazdı. 15 il ərzində yetişdirilən futbolçular indi millinin formasını şərəflə geyinməli, onu böyük uğurlara daşımalıydılar. Fakt faktlığında qalır ki, Azərbaycan millisi Millətlər Liqasını boşa verib, qarşıya qoyulan məqsədə çata bilməyib. Millimiz elə italyalı baş məşqçi Canni De Byazinin rəhbərliyi altında dünya çempionatının seçmə mərhələsində yenilgiləri sıralayırdı. Onda deyirdilər ki, bu seçmə mərhələdə komandanı Millətlər Liqasına hazırlayırıq, əsas məqsəd orda uğur qazanmaqdı, qrup birincisi olmaqdı. Hanı bəs?

Bəziləri elə düşünür ki, milli komanda qələbə qazananda tənqid yazmaq olmaz, tərifin birini elə bir qəpikdən AFFA-nın, millinin baş məşqçisinin, futbolçuların ünvanına səsləndirməliyik. Xeyirdimi? Slovakiya millisini biz 20 il bundan əvvəl bir qarnı ac, bir qarnı tox futbolçularla da məğlub etmişdik. Onda komandanın heyəti bütünlüklə yerlilərdən, Azərbaycan futbolunun yetirmələrindən ibarət indi. Nə ondakı qələbə bizim futbolumuzun problemlərini həll edirdi, nə də indiki. İsveçrəni, Türkiyəni məğlub edəndə, Portuqaliya, Rusiya, Belçika, Xorvatiya ilə heç-heçə edəndə bu cür şirin nağıllara özümüzü inandırırdıq. Amma daha dövran dəyişib, uşaq başı aldatmaq vaxtı deyil. Bizim olduğumuz qrupda Qazaxıstan Slovakiyanı iki oyunda üstələyib, qrup birinciliyini vaxtından əvvəl təmin edibsə, hansı uğurdan danışırıq? Qazaxların uğuru elə Canni De Byazinin də gözünü açdı, italyan çalışdırıcı gec də olsa, anladı ki, rəqibi gözündə şişirtməyə, onun adından qorxmağa ehtiyac yoxdu. 

Milli qalib gələndə də yazılası problemlər, hər kəsi narahat edən suallar yetərincə olur. Millinin start heyətinə baxın. 11 futbolçudan yalnız ikisi bilavasitə öz futbolumuzun yetirməsidi. İlk qolumuzun müəllifi bir neçə il bundan əvvəl Bakıya Almaniyanın U-17 millisinin üzvü kimi gəlmişdi. Rəqib olsaydıq, bizim qapımıza qol vuracaqdı və elə dünən gecəki kimi sevinəcəkdi. Onu, Eddi İsrafilovu, Höccət Haqverdini, Ozan Can Kökçünü, Riçard Almeydanı və digərlərini Azərbaycan millisinin formasında oynamağa razı salan vətən-millət sevgisi yox, AFFA-nın gözqamaşdıran təklifləridi. Mən günahı futbolçularda görmürəm. Bəli, onlar əziyyət çəkir və pulunu qazanır. Amma bizim milli komandamız belə olmamalıdı, onun formasını geyinmək, bu ölkənin şərəfini qorumaq üçün heç kimə pul verilməməlidi. Deməli, günahkar onlar yox, millidə oynatmağa futbolçu tapmayan idarəçilərdi.

Çox da dərinə gedib, kefinizə soğan doğramayım. Onsuz da millimiz nadir hallarda qələbə qazanıb azarkeşlərini sevindirir. Doyunca sevinək, sonra yenidən problemlərdən və onların həlli yollarından danışarıq.

Amal Abuşov