İdman 13:52 13.12.2023

Millimizin baş məşqçisi: "Səfərdəki oyunda uduzmamalı idik"

DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində dekabrın 15-də Bakı İdman Sarayında Rumıniya yığması ilə qarşılaşacaq millimiz hazırlığını davam etdirir. Komandanın bu gün media üçün açıq məşqi, məşqdən əvvəl isə baş məşqçinin iştirakı ilə brifinq keçirilib.
 
Qaynarinfo Vitali Borisovun səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
 
"Komanda dekabrın 11-dən rəsmi toplanışa başlayıb. 1-2 oyunçumuz düşərgəmizə dünən gəlib. Hazırlıq normal davam edir. Çalışacağıq ki, Rumıniya ilə matçda yaxşı nəticə qazanaq. Bu gün iki məşqimiz olacaq. Daha çox taktiki və texniki elementlər üzərində işləyirik. Rumıniya millisinin heyətində bəzi dəyişikliklər var. Ona uyğun hazırlıq keçirik. Bizdə də yeni dəvət olunmuş futzalçılar az deyil. Ölkə çempionatında çıxış edən futzalçılarımıza daha çox şans verəcəyik. 

Qrupdan çıxmaq şansımız davam edir, amma hər şey bizim əlimizdə deyil. Hər iki matçda qələbə qazanıb 9 xal toplasaq da, digər qrupdakı nəticədələr də həlledici olacaq.
 
Səfərdəki oyunda uduzmamalı idik, çünki qol epizodlarımız az olmadı. Doğma meydan amilindən istifadə edəcəyik. Heyətimizdə həm təcrübəli, həm də fiziki baxımından güçlü futzalçılar var və onların bu üstünlüyündən istifadə edəcəyik”.
 
Səbuhi Həsənov