İdman 12:29 14.06.2023

Millimizin üzvü Borisovun yığmaya gətirilməsini necə qiymətləndirir?

Bir neçə gün öncə futzal üzrə millimizin DÇ-2024-dəki rəqibləri müəyyənləşdi. Püşkatma mərasimindən sonra yığmanın A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla mübarizə aparacağı dəqiqləşdi. Bundan əlavə, son Azərbaycan çempionu "Araz-Naxçıvan”ın baş məşqçi postunda da dəyişiklik edildi. Belə ki, braziliyalı Joze Alesio postundan göndərildi, onun əvəzinə isə millimizin keçmiş futzalçısı Vitali Borisov gətirildi. Həmçinin Borisovun Alesionu yığmanın baş məşqçi postunda da əvəzləyəcəyi gözlənilir. Yaxın vaxtlarda Borisov baş məşqçi kimi AFFA-nın İcraiyyə Komitəsi tərəfindən təsdiqlənəcək.

Bu məsələlər ətrafında millimizin üzvü Xətai Bağırov fikirlərini Qaynarinfo ilə bölüşüb:

"Rəqiblərimizdən Qazaxıstanı tanıyırıq. Dəfələrlə onların yığması ilə belə turnirlərdə oynamışıq. Rumıniyanın klubları ilə qarşılaşmışıq. Niderlandı isə 2016-cı ildə səfərdə məğlub edib mərhələni keçdik. Şəxsən öz fikrimi deyirəm, arzuladığımız qrupdu. Birinci yerlə çıxmaq şansımız var. Hazırda qrupda favoritin Qazaxıstan olduğu görünür. Güclər eynidir, bir balaca səhv etdinsə, şansın azalır. Ciddi hazırlaşmaq lazımdır. Yaxşı motivasiyamız var. Yerli məşqçi gəlib. Yaxşı, hərtərəfli futzalçı olub. "Araz-Naxçıvan”ı çalışdıracaq. Mən millinin baş məşqçisi kimi təsdiqlənməsini gözləyirəm. Əlimizdən gələni edirdik və edəcəyik. İstəyimiz, dünya çempionatının əsas mərhələsinə vəsiqə qazanmaqdır. Son vaxtlar Niderland millisinin oyunlarını izləmişik. Avropa Çempionatındakı çıxışlarını bəyəndim, inkişaf ediblər. 2016-cı ildəki Niderland deyil. Oyunçuları Avropa klublarındadır. Rumınlar da Çempionlar Liqasında 10-12 braziliyalı futzalçı ilə oynamağımıza baxmayaraq, bizdən yaxşı idilər. Bu, yenə təkrarlana bilər. Hazırlaşmaqdan çox şey asılıdır. Yoldaşlıq görüşləri keçirməliyik. Oyunçularımız fərqli ölkələrdədir. Birlikdə hazırlaşmaq daha çox effekt verir. Kimin necə oynadığını daha yaxşı görürsən. Hər şey özümüzdən asılıdır. Xal itirməsək, boşluq verməsək, birinci yer üçün Qazaxıstanla mübarizə aparmaq mümkündür”.

Bağırov "Araz-Naxçıvan”ın baş məşqçi postundakı dəyişikliyə münasibəti bildirərkən, bunun, arzulanan təyinat olduğunu dedi:

"Fikrimcə, Borisovun təyinatından sonra "Araz-Naxçıvan”ın çempionluq şansı azalmayacaq. Vitalik gözəl oyunçu olub. Həmişə elə futzalçılarla eyni "dördlük”də oynamaq istəmişəm. Bu məqsədimə də çatmışam. Qeyd etdiyiniz kimi, Borisov həmişə köməkçi məşqçi kimi çalışıb. Az da olsa təcrübəsi var. Nə qədər yaxşı olacağını desəm də, bunu gələcək göstərəcək. Biz də oyunçu olaraq əlimizdən gələni edəcəyik ki, nəticə qazanaq. Bu məsuliyyəti əvvəlcədən düşünüb öz üzərinə götürür. Biz də başa düşürük. Oynadığı kimi məşqçilik etsə, məncə, yaxşı nəticələr qazanacaq”.

Millimizin üzvü Borisovun millinin baş məşqçisi postuna gətirilməsinin tərəfdarı olduğunu dedi:

"Əlbəttə, neçə illərdir birlikdə oynamışıq. Taktikamızı bilir. Təcrübəsi yetərincədir. Keçmişdəki məşqçilərə də haqsızlıq etməyək. Məncə, yaxşı qərardır. Yerli məşqçiləri də sınamaq lazımdır. Bəlkə onlar daha yaxşı nəticə göstərəcək. Düzdür, Alesio da Avropa çempionatında, Çempionlar Liqasında "Araz-Naxçıvan”la nəticə verib. Təbii ki, bu rəhbərliyin qərarıdır və mən də Borisovun milliyə gətirilməsini dəstəkləyirəm. Çünki yerlilərə də şans verilir. Onların da zamanı çatıb”.

Səbuhi Həsənov