İdman 15:08 13.12.2023

Millinin sabiq üzvü: “Borisov çətin vəziyyətə düşüb”

Futzal millimiz DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində dekabrın 15-də Bakı İdman Sarayında Rumıniya yığması ilə qarşılaşacaq.
 
Artıq komandamız hazırlıqlara start verib və şanslarından yararlanmağa çalışacaq. Əslində, yığmamızın əvvəl heç bir şansı olmasa da, legioner limitinə görə digər rəqiblərimiz Rumıniyanın dörd xalı silinib. Niderlanda isə altı xal verilib. Nəticədə Rumıniya ikinci sıradan üçə düşüb. Buna baxmayaraq, Vitali Borisovun rəhbərlik etdiyi komanda yenə də turnir cədvəlinin sonuncu pilləsində qalıb.

Millinin sabiq üzvü Namiq Məmmədkərimov qarşıdakı oyunlarla bağlı Qaynarinfo-ya düşüncələrini bölüşüb, şansları dəyərləndirib:

"Əvvəla legioner məsələsi ilə bağlı deyim. Bildiyiniz kimi, limit qoyulub və rəqibdən xallar silinib. Əslində, bu, yaxşı haldır bizim üçün. Çünki qrupdan çıxmaq şanslarımız yaranıb. Bizdə Edu deyəsən qırmızı vərəqəyə görə Rumıniyaya qarşı oynamayacaq. Yenə də yerlilərə şans düşür. 5-6 il bundan əvvəl, yəni bizim oynadığımız dönəmlərə düşsəydi, çox sevinərdik. Onsuz da milli üçün canımızı qoymuşuq. Bu mənim üçün sevindirici bir haldır. İndi heyətdə 10-a yaxın yerli futzalçı oynayır. "Neftçi”dən, "Baku Fire”dən və digər klublardan oyunçu çağırıblar. Şanslarımız artıb. Rumınları uda bilərik. Niderlandı o qədər də güclü saymıram. Onların öz dəst-xətti var. Cəld futbolçuları olmasa da, birəbir qarşılaşmada keyfiyyətlidirlər. Kollektiv oynayırlar. Bizim üçün indiki durumda onlara qarşı oynamaq çətin olacaq. Çünki yeni, ilk dəfə milliyə dəvət alan oyunçularımız var. Öz oyunlarını tam göstərməyə bilərlər. Məncə, şanslar bərabərdir. Rumınları Bakıda məğlub etsək, səfərdə Niderlanddan xal götürə bilərik. Xalların silinməsi şanslarımızı çoxaltdı. Yaxşı nəticə gözləyirəm”.

Məmmədkərimov millimizin baş məşqçisi Vitali Borisovun hazırda çətin vəziyyətdə olduğunu deyib:

"Vitali Borisov yığmada baş məşqçi kimi addımlarını yeni atır. Xalların silinməsinə görə braziliyalılarla öz sözünü deyə, taktikasını yeridə bilməmişdi. Borisov indi çətin vəziyyətə düşüb. Çünki əlində hazır olmayan futzalçılar var. Onlar öz klublarında yaxşı görünə bilərlər. Amma sual yaranır, millidə baş məşqçinin istədiyini verəcəklər, ya yox? Yenə də təcrübəlilər var. Məsələn, Fərid Atakişiyevin köməyi dəyə bilər. Ülvi Əliyev isə ilk dəfə oynayacaq. Mirzə U-19-dan gəlib. Niderlandda o tamaşaçıların qarşısında oynaya biləcəklərmi? Ona görə də şansları bərabər hesab edirəm. Niderlandın əvəzinə Xorvatiya olsaydı, mən rəqibə daha çox şans verərdim. Çünki niderlandılara qarşı yaxşı oynamaq olar. Rumınların da bəzi oyunçuları limit məsələsinə görə oynamayacağı üçün, şansımız artır. Gənclərdən Ülvi və Mirzə yaxşı formadadır. Bir də "Araz-Naxçıvan”dan Xəzər Ağalızadəni qeyd edərdim. U-19 millisindən gəlib. Xəzər daha təcrübəlidir milli ilə hazırlıqlara qatılıb deyə ab-havaya öyrəşib. Oktay gənc sayılmır, təcrübəsi var. Az-çox oyunlar görüb. Ülvi cəld uşaqdır, öyrəşə bilər. Tofiq Mikayılovu da təcrübəli hesab etmək mümkündür. Legionerlərdən Amadeunu xüsusi vurğulayardım, sanki bir az ağırlaşıb, əvvəlki kimi deyil. Buna baxmayaraq, zərbələrin hesabına kömək edə bilər.  İranlılardan Amir yaxşı formadadır. Qazaxıstanda oynayan Hadi Əhmədi də pis deyil. Amma yəqin ki, iranlılar viza məsələsinə görə Niderlanda gedə bilməyəcəklər. Bu səbəbdən heyətdə iki braziliyalı Edu və Amadeu, qalanı isə yerlilər olacaq. Xallar silinməsəydi, şansımız olmayacaqdı”.

Səbuhi Həsənov