Ölkə 12:35 26.04.2023

Minaya düşən beynəlxalq fondun əməkdaşının ayağı amputasiya edildi (FOTO/YENİLƏNİB)

Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub.

APA-nın Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tariyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.

Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.
 

 
 10:55

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, aprelin 26-sı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Babaşov xəsarət alıb.

Qaynarinfo xəbər verir ki, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
09:43

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Bu barədə Qaynarinfo-ya ANAMA-dan məlumat verilib.

Piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb.

Xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.