Dünya 17:12 19.06.2023

Moldova məhkəməsi rusiyayönlü “Şor” partiyasını qanundan kənar elan etdi

Moldova Konstitusiya Məhkəməsi rusiyayönlü "Şor” partiyasını konstitusiyaya zidd və onu qanunsuz elan edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The İnsider” "RİA Novosti"yə istinadən məlumat yayıb.

Partiya deputatları Konstitusiya Məhkəməsinin qərarına əsasən, müstəqil deputat kimi fəaliyyətlərini davam etdirə biləcəklər.

Ölkə hökuməti bundan əvvəl partiyanın "qanunçuluq prinsiplərinə zidd hərəkət etdiyini və Moldova Respublikasının suverenliyini və müstəqilliyini təhlükə altına atdığını” bildirib və onun ləğvini tələb edib.

"Şor” Rusiya hakimiyyəti ilə fəal şəkildə əlaqə saxlayır, onun deputatları Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Moskvaya səfər edirlər. Partiya həm də mövcud hakimiyyətə qarşı etiraz aksiyaları təşkil edir.

Birləşmiş Ştatlar "Şor”a və onun keçmiş sədri İlan Şora qarşı sanksiyalar tətbiq edib. O, Moldovada qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib, hakimiyyət onu "Moldovanın demokratik inkişafına xələl gətirmək" üçün iğtişaşlar təşkil etdiyinə görə İsraildən ekstradisiya etməyə çalışır.

Bundan əvvəl Avropa İttifaqı Rusiyanın keçmiş baş prokuroru Yuri Çaykanın oğlu İqor Çaykaya qarşı Moldova Respublikasında vəziyyətin "sabitliyi pozduğuna” görə sanksiyalar tətbiq edib. Kiçik Çayka "Moldovada sabitliyin pozulmasına yönəlmiş FSB layihələrinin" maliyyələşdirilməsinə cavabdehdir və həmçinin "respublikanın suverenliyinə, müstəqilliyinə, demokratiyasına, qanunun aliliyinə və sabitliyinə təhlükə yaradan" hərəkətləri dəstəkləyib. 

Eyni zamanda rusiyayönlü "Şor” partiyasının lideri İlan Şor, onun müavini Marina Tauber, "Avropanı evdə qururuq” partiyasının lideri Qeorgiy Kavkalyuk və moldovalı oliqarx Vladimir Plahotnyuka sanksiyalar tətbiq edilib. Siyahıda Şorun həyat yoldaşı, rusiyalı müğənni Jasmin də var.

Nizami Bağırov