Dünya 15:13 26.07.2023

Moldova Rusiya səfirliyindən 45 nəfəri qovur - Casus şəbəkəsi

Moldova hökuməti Rusiyanın Kişinyovdakı səfirliyinin akkreditə olunmuş diplomatlarının və texniki və inzibati işçilərinin sayının 84-dən 25-ə endiriləcəyini açıqlayıb.

Qaynarinfo Deschide.MD-ya istinadən xəbər verir ki, bunu brifinq zamanı Baş nazir Dorin Reçanın sözçüsü Daniel Vode deyib.

Onun sözlərinə görə, diplomatik postların sayı 10-a, texniki işçilərin sayı isə 15-ə endirilib.

"Bu, prinsipial qərardır və Kişinyov hakimiyyəti Xarici İşlər Nazirliyində Rusiya Federasiyasının nümayəndəsini bu barədə xəbərdar edib", - Vode bildirib.
NewsMaker xəbər verir ki, daha sonra Moldova Xarici İşlər Nazirinin kommunikasiyalar üzrə müşaviri İqor Zaxarov bəyan edib ki, hakimiyyət 18 diplomatı və Rusiya səfirliyinin 27 texniki işçisini ölkədən çıxarmaq qərarına gəlib. Nəticədə Rusiya səfirliyinin 45 əməkdaşı Moldovanı 15 avqustadək tərk etməlidir.

Moldova xarici işlər naziri və baş nazirin müavini Nikolay Popesku hakimiyyətin rusiyalı diplomatların sayını azaltmaq qərarını onların bəzilərinin casusluqla məşğul olması şübhəsi ilə izah edib.

"Kommersant”ın məlumatına görə, Rusiya səfirliyində 37 diplomat və 34 texniki işçi çalışır. Moldovanın Rusiyadakı səfirliyində 6 nəfər işləyir.

Qeyd olunur ki, bu addım Jurnal TV və The Insider-in Rusiyanın Moldovadakı səfirliyinin damında Rusiya xüsusi xidmət orqanlarının müşahidə üçün istifadə etdiyi onlarla qurğu və peyk antenlərinin quraşdırıldığını təsdiq edən araşdırmasına cavab olaraq atılıb

Nizami Bağırov