Dünya 15:10 15.08.2023

Moldova Rusiyanı dəstəklədiyi üçün İrana qarşı Aİ sanksiyalarına qoşuldu

Moldova Rusiyanı müharibədə dəstəklədiyi üçün İrana qarşı Avropa İttifaqının sanksiyalarına qoşulub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Newsmaker” məlumat yayıb.

Aİ bu qərarı alqışlayıb. XİN-in nümayəndəsi İqor Zaxarov nəşrin suallarını cavablandırarkən Moldovanın, demək olar ki, bütün Aİ sanksiyalarına qoşulduğunu vurğulayıb.

Aİ-yə namizəd ölkələr: Moldova, Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna və Bosniya və Herseqovina, həmçinin Avropa İqtisadi Birliyinin üzvləri İslandiya və Lixtenşteyn Aİ-nin 20 iyulda İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulur, - bu barədə Avropa Şurasının press-relizində deyilir. 

"Moldova Aİ sanksiyalarına qoşulub. Biz Aİ-nin demək olar ki, bütün sanksiyalarına qoşuluruq”, - XİN-in nümayəndəsi İqor Zaxarov bildirib. 

Aİ-nin iyulun 20-də tətbiq etdiyi sanksiyalara pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalında istifadə olunan komponentlərin Aİ-dən İrana ixracına qadağa da daxildir. Sanksiyalar həmçinin İranın PUA proqramına cavabdeh olan, dəstəkləyən və ya iştirak edənlərə tətbiq oluna biləcək səyahət qadağaları və aktivlərin dondurulmasını da əhatə edir.

Nizami Bağırov