Siyasət 11:05 01.10.2022

Moskva daha çox əraziləri işğal edəcək, hətta Lvova qədər gələcək – Partiya sədrindən proqnoz

Kremlin Ukraynanın işğal olunmuş ərazilərində keçirilən "referendum”ların nəticəsini tanıması dünyada sərt reaksiya doğurub. Rusiya bundan sonra Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinə öz ərazisi kimi baxır. Hətta Kreml həmin vilayətlərin Kiyevin nəzarətində qalan hissəsini də tutmaq niyyətindədir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasından da görmək olar Bu "tanınma” Kiyevlə Moskva arasında danışıqlara olan cüzi ümidləri də puça çıxarıb. İndi hər kəsə bəllidir ki, sözügedən münaqişə yalnız və yalnız döyüş meydanında çözüləcək. Moskvanın bu addımı hətta son nəticədə Qərbin də birbaşa prosesə cəlb edilməsinə gətirib çıxara bilər. Düzdür, hələlik bu versiya o qədər də inandırıcı deyil, amma bütün hallarda proses ona doğru gedir. 

Rusiyanın işğal etdiyi əraziləri aneksiya etməsi fonunda, bundan sonra proseslər necə cərəyan edəcək? 

Qaynarinfo-ya açıqlama verən ASDP sədri Araz Əlizadənin fikrincə, Moskva keçirilən referendumları tanıdıqdan sonra müharibəni davam etdirərək, Lvova qədər irəliləyəcək: "Rusiyanın keçirilən referendumun nəticələrini tanıması və həmin əraziləri özünə birləşdirməsi müharibənin daha da kəskinləşməsinə səbəb olacaq. Amma sonda Rusiya bu müharibədə qalib gələcək. Moskva daha çox əraziləri işğal edəcək. Hətta Lvova qədər gələcək. Bu vəziyyətdə Qərb prosesə birbaşa müdaxilə etməyəcək. Onlara ukraynalıların məğlub olub-olmamasının heç bir dəxli yoxdur”. 

Rusiyanın Ukraynadakı əraziləri "birləşdirməsi”  fonunda anoloji vəziyyətin özünü Qafqazda da göstərib-göstərməyəcəyinə gəldikdə isə ASDP sədri Kremlin bölgəmizə gəlməyəcəyi qənaətindədir: "Bu baş verməyəcək. Ona görə ki, Rusiya özünü bədnam etmək istəmir”. 

Rüfət Sultan