Dünya 15:06 30.09.2022

Moskva, İrəvan və Bakı “eksterritorial dəhliz”i müakirə edir? - Aleksey Overçuk danışır

"Rusiya Federasiyası, Ermənistan və Azərbaycan "eksterritorial dəhliz” yaradılmasını müzakirə etmirlər. Yollar yalnız ölkələr arasında sərhədi keçmək və bu yollarla hərəkət üçün hüquqi rejimi dəqiq müəyyən etdikdən sonra açıla və ya tikilə bilər. Vacib odur ki, danışıqlar zamanı bu rejimin müəyyənləşdirilməsinə yanaşmaların əsasını təşkil edən prinsip işlənib hazırlanıb. Prinsip belədir: "Yol üzərində suverenliyi yolun ərazisindən keçdiyi ölkə həyata keçirir”. Bu o deməkdir ki, əgər yol Ermənistan ərazisindən keçirsə, bu, Ermənistan yoludur, Azərbaycan ərazisi boyuncadırsa, Azərbaycan yoludur".

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Nazirlər Kabinetinin sədr müavini Aleksey Overçuk İrəvanda keçirilən "Rusiya-Ermənistan biznes dialoqu 2022” biznes missiyasının yekunlarına dair "Rossiyskaya qazeta”ya müsahibəsində deyib.

"Rusiya hər zaman tərəflərin suverenliyi prinsipini dəstəkləyib və üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının mövqelərində açıq şəkildə dayanır. Bu o deməkdir ki, Baş nazir müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupunun danışıqlarında tərəflərdən heç birinin suverenliyinə hər hansı formada müdaxilə edəcək hər hansı "eksterritorial dəhliz”dən söhbət getmir və gedə də bilməz”, deyə Overçuk bildirib.

Onun sözlərinə görə, təcrübədə bu layihənin həyata keçirilməsi o deməkdir ki, Azərbaycandan Ermənistan ərazisinə blokadadan açılmış və ya yeni salınmış yollarla daxil olmaq üçün sərhəd və pasport nəzarəti tədbirləri həyata keçiriləcək. Məsələn, İrandan Ermənistana daxil olarkən olan prosedurlar. Eyni şəkildə Ermənistandan Azərbaycana girişdə pasport nəzarəti olacaq. Bundan əlavə, tərəflərin milli qanunvericiliyinə uyğun olaraq yollardan istifadəyə görə ödənişin ödənilməsi, habelə bir ölkənin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərinin digər ölkənin ərazisindən hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunur.

Rusiya Federasiyasının Baş nazirin müavini qeyd edir ki, tərəflər heç bir tərəfin suverenliyinə xələl gətirmədən bu məsələlərin praktiki şəkildə həyata keçirilməsinin mümkünlüyünü başa düşürlər. Lakin danışıqlar o zaman başa çatır ki, bütün hüquqi aspektlər nəzərə alınsın, heç nə qaçırılmasın və heç kim əldə olunan nəticəni qarşı tərəf üzərində qələbə kimi şərh etməsin. Danışıqların uğurla başa çatması bütün iştirakçılarının ümumi qələbəsi olacaq.

Nizami Bağırov