Dünya 16:45 07.09.2023

Moskva səmasının müdafiəsinə cavabdeh olan general rüşvətə görə həbs edildi

1-ci Hava Hücumundan Müdafiə və Raket Hücumundan Müdafiə Ordusunun komandanı general-mayor Konstantin Oqiyenko Moskva vilayətində müdafiə təyinatlı torpaqlarla bağlı cinayət işində təqsirləndirilən qismində cəlb edilib.  

Qaynarinfo xəbər verir ki, "Kommersant” qəzetinin məlumatına görə, yüksək rütbəli hərbçi 4-cü Hava Hücumundan Müdafiə Diviziyasının komandiri general-mayor Dmitri Belyatskiyə mülki təşkilata müdafiə torpaqlarının ayrılması üçün rüşvət almağı tapşırıb.

Generallar qeyri-qanuni sövdələşmədən 30 milyon rubl alacaqlarını gözləsələr də, cəmi 500 min əldə edə biliblər.

Cinayət işinin materiallarından görünür ki, "Nadejda” ictimai təşkilatının rəhbəri (nəşr şəxsi məlumatları təqdim etmir) Dolqoprudnı və Lobnıda torpaq sahələrinin ayrılmasını asanlaşdıracağını vəd edərək, təşkilatlardan və vətəndaşlardan pul yığıb. Müstəntiqlərin fikrincə, hava hücumundan müdafiə qüvvələrinin generalları bu yerlərin ayrılmasını təmin etməli idilər.

"Kommersant” iddia edir ki, Belyatski öz günahını qismən etiraf edib, istintaqla sövdələşməyə gedib və Oqiyenkoya qarşı ifadə verib və onu pulun son alıcısı adlandırıb.

Oqiyenko rüşvətdə iştirakını inkar edir, lakin məhkəmə onun arqumentləri ilə razılaşmayıb və general-mayor həbs edilib. Belyatski ev dustaqlığına göndərilib. 
Oqienko, 2021-ci ildən 1-ci Hava Hücumundan Müdafiə və Raket Hücumundan Müdafiə Ordusunun komandanı vəzifəsini tutur. Bu ordu Moskva region üzərində səmanın mühafizəsini təmin edir.

Nizami Bağırov