Dünya 15:42 10.05.2023

Moskvadakı 9 may paradına niyə az sayda ölkə lideri qatıldı? (ŞƏRH)

"Moskvada keçirilən 9 may paradına az sayda xarici ölkə liderlərinin qatılması Rusiyanın acınacaqlı durumda olduğunun göstəricisidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Moskvada keçirilən 9 May paradına xaricdən yalnız 7 ölkə rəhbərlərinin qatılması, paradın sönük keçməsi kimi məsələləri şərh edərkən deyib:
 
"Moskvada keçirilən paradda iştirak edən az sayda xarici ölkə rəhbərləri məcburiyyət qarşısında qaldıqları üçün tədbirə qatılıblar. Görünür, onlara dolayısı ilə diplomatik kanallarla müəyyən təzyiqlər edilib. Rusiya Qazaxıstana açıq şəkildə ərazi iddiaları irəli sürür. Ukrayna müharibəsinin bitər-bitməz Qazaxıstanla haqq-hesab çürüdəcəklərini bəyan edirlər. Bu mesaj Rusiyanın orta Asiyadakı "müttəfiqləri”nə də aiddir. Ona görə Moskvada keçirilən parada gələn dövlət başçıları da məcburiyyət qarşısında buna gediblər. Amma Rusiyanın strateji tərəfdaşı sayılan Çin kimi ölkə rəhbəri nəinki özü gəlmədi, hətta öz nümayəndəsini də parada göndərmədi. Hətta Pekin rəsmi olaraq təbrik məktubu da göndərməyib. Bu faktın özü göstərir ki, Rusiya acınacaqlı durumdadır”. 

Ekspertə görə, paradın qısa zamanda başa çatması və əsas hərbi texnikaların nümayiş etdirilməməsi Rusiyanın qüdrətinin xeyli zəiflədiyi, beynəlxalq səviyyədə nüfuzunun zədələndiyinin göstəricisidir:
 
"Rusiyanın əsas hərbi texnikaları artıq ölkə daxilində deyil. Bütün texnika Ukrayna cəbhəsində olduğundan onu nümayiş etdirə bilmədilər. Nəticədə parad qısa zamanda yekunlaşdı. Əvvəlki illərdə nümayiş etdirilən möhtəşəmlik artıq yox idi. Bu da Rusiyanın qüdrətinin xeyli zəiflədiyi, beynəlxalq səviyyədə nüfuzunun zədələndiyinin göstəricisidir. Ona görə də tədbir sönük keçdi”. 

Həmsöhbətimiz Putinin paraddakı nitqini aciz çıxış kimi dəyərləndirib:
 
"İndiyə qədər Rusiyanın hədələrinin nəticəsi heç də Moskvanın xeyrinə işləməyib. Ona görə də Putinin bu cür təhdidedici açıqlamalarını artıq heç kim ciddiyə almır. Ciddiyə alınmadığı və arxasında ciddi güc durmadığı təqdirdə isə belə açıqlamalar qeyri-ciddi qəbul olunur. Putinin açıqlaması daha çox daxili auditoriyaya hesablanmışdı”. 

Qeyd edək ki, mayın 9-da Moskvada İkinci Dünya müahribəsində əldəe dilən qələbənin 78-ci ili münasibətilə keçirilən parad sönüklüyü ilə yadda qaldı. Bu tədbirə cəmi 7 ölkə başçıları qatılıb. Bunlar Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Ermənistan, Belarus və Şimali Koreya nümayəndələri olub. Bundan başqa gözlənildiyinin əksinə olaraq, tədbirdə rus ordusunun əsas arsenalı nümayiş etdirilmədi. Putin isə ənənəvi olaraq imperalistpərəst çıxışları ilə yadda qaldı.
 
Rüfət Sultan