Dünya 19:05 12.08.2022

Müqtəda Sədrdən güc nümayişi: "Bu inqilabdan geri çəkilməyəcəyik"

Bağdad və İraqın bir sıra mühüm şəhərlərində minlərlə Sədr tərəfdarı toplanıb. Nümayişçilər: "Bu inqilabdan geri çəkilməyəcəyik" deyirlər.

Qaynarinfo bu barədə "Alarabiya" agentliyinə istinadən xəbər verir.

Nüfuzlu şiə din xadimi Müqtəda Sədrin minlərlə tərəfdarı bu gün, avqustun 12-də onun çağırışından sonra Bağdadın "Yaşıl Zona”sında parlamentin yaxınlığında toplaşıb və cümə namazı qılıb.

Keçən cümə günü olduğu kimi, bu gün də Müqtəda Sədr cümə namazı zamanı tərəfdarlarını növbəti güc nümayişinə çağırıb, eləcə də məhkəmə sistemindən hazırkı parlamentin buraxılması və ölkədə keçiriləcək seçkilərin yeni vaxtının təyin edilməsini tələb edib.

Bununla belə, o, ölkədə "islahatlara kömək etmək üçün" dinc tədbirlər görmək istədiyini və hər kəsin İraqın maraqlarını üstün tutmalı olduğunu vurğulayıb.

Bağdaddan gələn xəbərlər göstərir ki, onun minlərlə tərəfdarı cümə günü toplaşaraq şiə ruhanisinin tələbini qəbul edib.

Sədr tərəfdarları iki həftə bundan əvvəldən başlayaraq ardıcıl olaraq nümayişlər keçirirlər. Onlar parlament binasını ələ keçirərək məhərrəmliklə eyni vaxtda onu "Hüseyniyyə”yə çeviriblər.

Müqtəda Sədr və tərəfdarlarının etirazlarının yeni mərhələsi İrana yaxın siyasətçi olan Məhəmməd Şiya əl-Sudaninin baş nazir postuna namzədi olmaq ehtimalı gündəmə gələndən sonra başlayıb.

Vurğulanır ki, 48 yaşlı din xadimi Müqtəda Sədr Böyük Ayətullah Seyid Məhəmməd Sədrin oğludur. Sədrin atası və nüfuzlu ailənin bir sıra digər yüksək vəzifəli ruhaniləri 1990-cı illərdə Səddam Hüseynin əmri ilə öldürülüb. Sədrin ailəsinin çoxu Səddamın əlindən İrana qaçıb və on illərlə İranda yaşayıb.

İranın Qum dini məktəbində təhsil alan Müqtəda Sədr sonuncu dəfə Qasım Süleymaninin sağlığında İrana gedib və İran rəhbərliyinin iqamətgahının Aşura mərasimində iştirak edib. Amma sonradan İran İslam Respublikasından üz döndərib, Səudiyyə Ərəbistanına yaxınlaşıb.

Aydın