Ölkə 10:45 02.11.2023

Musiqiyə görə DSX əməkdaşını öldürənlərin istintaqı yekunlaşdı

Bakıda bu ilin mart ayının 16-da restoranda musiqi sifarişinə görə Dövlət Sərhəd Xidmətinin əməkdaşını öldürən, onun tanışı yaralayan şəxslərin istintaq işi yekunlaşıb. 

Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş üzrə Zeynalov Orxan Akif oğlu və Abdurahmanov İlqar İlham oğlu təqsirləndirilir. Zərərçəkmiş şəxslər isə Həsənov Camal Hafiz oğlu və Vəliyev Cəsarət Baxış oğludur. 

Qeyd edək ki, Nəsimi rayonu ərazisində baş vermiş hadisə zamanı 1988-ci il təvəllüdlü Vəliyev Cəsarət Baxış oğlu ölüb, 1994-cü il təvəllüdlü Həsənov Camal Hafiz oğlu yaralanıb. Onlar Dövlət Sərhəd Xidmətinin əməkdaşları olub. 

Cəsarət Vəliyev tanışı Camal Həsənovla birgə metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən təqsirləndirilən şəxslərlə aralarında yaranmış mübahisə davaya çevirilib. Bıçaq xəsarəti nəticəsində Cəsarət Vəliyev xəstəxanada dünyasını dəyişib, Camal Həsənov isə ağır yaralanıb. 

Fakta görə Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq) maddələri cinayət işi başlanıb.

Məhkəmədə işə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.

Əhməd