İdman 18:20 17.11.2022

Mütəxəssis baxışı: "Bu qələbə yığmada irəliləyişin olduğuna əsas vermir"

Azərbaycanın tanınmış sleksiyaçı-məşqçilərindən olan Bəxtiyar Musayev millimizin Moldova ilə yoldaşlıq görüşünü dəyərləndirib. 

Musayev Qaynarinfo-ya açıqlamasında komandamızın daha inamlı göründüyünü bildirib.

"Əslində, ciddi bir şey yoxdur. Çünki yoldaşlıq görüşüdür və ciddi fikir söyləmək mümkün deyil. Qələbə münasibətilə futbolçuları təbrik edirəm. Moldovadan daha inamlı görünürdülər. Heyətə gəlincə, aşağı-yuxarı oynaya bilən futbolçular dəvət olunmuşdu. Sevindirici hal odur ki, yarımmüdafiənin mərkəzində topla oynaya bilən futbolçular qərarlaşmışdı. Onların hesabına əsasən də birinci hissədə ərazi üstünlüyünü ələ keçirmişdi", deyə Bəxtiyar Musayev qeyd edib.

Mütəxəssis Moldova yığmasının zəif dönəm keçirdiyini də deyib:

"Moldova yığması tənəzzül dövrünü yaşayır. Normal, yüksək səviyyədə oynayan futbolçuları da yoxdur. Əvvəl başqa klublarda oynayan legionerləri var idi, indi o da yoxdur. Uşaqların əziyyətini yerə vurmaq istəmirəm, qələbə qələbədir. Ancaq bu qələbə yığmada irəliləyişin olduğuna əsas vermir. Həm yoldaşlıq görüşüdür, həm də rəqib zəifdir”.

Səbuhi Həsənov