Video 11:09 25.01.2024

Narkotik qəbul edib qorxulu manevrlər etdi (VİDEO)

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.

Qaynarinfo Bakı şəhər DYP İdarəsinə istinadən xəbər verir ki, polis əməkdaşları konstruksiya dəyişikliyi etdiyi üçün "Kia” markalı, 99-RO-503 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə "saxla” işarəsi verib. Sürücü işarəyə məhəl qoymayaraq Heydər Əliyev prospektində nəqliyyat axınına əks istiqamətdə hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Qanbayev Elşən İlham oğlu saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Qanbayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Qanbayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.