Dünya 17:52 24.09.2022

NATO-nun keçmiş baş katibi Makronu Ukraynanı zəiflətməkdə ittiham etdi

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib ki, Fransa prezidenti Emmanuel Makronun Ukraynadakı müharibəyə cavab olaraq diplomatik səyləri Kiyev üçün uğursuz və zərərlidir.

Qaynarinfo xəbər verir ki, o, bunu Fransanın "Le Point” nəşrinə müsahibəsində deyib.

Rasmussen Makronun səylərinin uğurlu olmadığını bildirib.

"Makron böhranın əvvəlində, yumşaq desək, unikal və ağır "Putini alçaltmaq olmaz” bəyanatı ilə bizi təəccübləndirdi. Bu cür bəyanatlar fəlakətli və zərərli idi", - o əlavə edib.

NATO-nun keçmiş baş katibinin sözlərinə görə, Rusiya Federasiyası üçün yalnız bir çıxış yolu var: qoşunları Ukraynadan çıxarmaq.

"O (Makron - red.) beynəlxalq birliyi zəiflətdi və mən hesab edirəm ki, indi peşmandır və təşəbbüsü geri qaytarmağa çalışır", - Anders Foq Rasmussen vurğulayıb.

O, həmçinin hesab edir ki, Fransanın Ukraynaya hərbi yardımı kifayət deyil:

"Fransa Kiyevə hərbi yardımdan söhbət gedəndə bizi məyus edir. Təbii ki, o, ağır silahlar (toplar, tank əleyhinə raketlər) verdi, lakin bu, kifayət deyil", - Alyansın keçmiş baş katibi vurğulayıb ki, Fransa Aİ-də dominant hərbi güc və Avropanın ən güclü silah sənayesinə malik ölkədir.

Nizami Bağırov