Dünya 20:00 14.02.2023

NATO qaz kəmərlərində təxribat törədilməsindən qorxur

NATO mühüm infrastrukturun mühafizəsini gücləndirmək üçün koordinasiya qrupu yaradacaq.

Qaynarinfo xəbər verir ki, bu sözləri brifinqdə Alyansın baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq vurğulayıb ki, NATO Alyansa üzv ölkələrin təhlükəsizlik tədbirləri üzərində işləməyə davam edir. Bu tədbirlərdən biri də kritik sualtı infrastrukturun qorunmasıdır:

"Biz zəifliklərimizin xəritəsini çıxarmaq və sənaye ilə əlaqə yaratmaq üçün NATO-nun Baş Qərargahında yeni koordinasiya qrupu yaratmağa qərar verdik. Bu, sualtı kabellər və boru kəmərləri də daxil olmaqla, kritik infrastruktura qarşı təhlükələrin qarşısını almaq və onlara qarşı mübarizə aparmaq səylərimizi dəstəkləyəcək. Biz davamlılıq və kritik infrastruktur üzrə NATO-Aİ İşçi Qrupu vasitəsilə Avropa İttifaqı ilə sıx əməkdaşlıq edəcəyik".

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayının sonunda "Şimal axını” operatoru Rusiya qaz kəmərinin hər iki zolağında təzyiqin kəskin şəkildə aşağı düşdüyünü bildirib. 500 milyon kubmetrə qədər texniki qazın sızdığı qeyd edilib.

2022-ci il sentyabrın 27-də "Şimal axını” ərazisində partlayışların baş verməsi barədə məlumat yayılıb.

Sentyabrın 28-də Qərb liderləri "Şimal axını” ilə bağlı bəyanatla çıxış ediblər. Həmin gün "Şimal axını” ilə bağlı Aİ-də də bəyanat verilib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya hakimiyyəti təxribat ehtimalını istisna etmir.

Avropa İttifaqı hesab edir ki, qaz sızması düşünülmüş hərəkətlər nəticəsində baş verib. Qərb liderləri də bunun təxribat olduğunu istisna etməyiblər.

Avropa Komissiyası istintaqa cavabdeh İsveç, Danimarka və Almaniya nümayəndələrini çağırıb. Rusiya qaz kəməri partlayışlarının araşdırılmasında iştirak etməyi təklif edib.

İsveç prokurorluğu Rusiyanın obyektlərə dəymiş ziyanı araşdırmaq üçün birgə istintaq qrupunun yaradılması təşəbbüsünü həyata keçirməkdə maraqlı olmadığını bildirib.

İsveçdə əməkdaşlıqdan imtina Rusiyanın müraciətinin təmin edilməsinin ölkənin təhlükəsizliyinə təhlükə yaradacağı ilə izah edilib. İsveç Dövlət Təhlükəsizlik Xidməti sızmanın partlayışlar nəticəsində baş verdiyini təsdiqləyib.

Aydın