Estoniyanın baş naziri Kaya Kallas Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığına cavab olaraq bildirib ki, Alyans Rusiyanın təhlükəsizliyini deyil, Rusiya imperializmini təhdid edir.
Qaynarinfo xəbər verir ki, o, bunu Sinqapurda keçirilən Şanqri-La Dialoq təhlükəsizlik forumunda çıxışından sonra ERR-ə
müsahibəsində deyib.
"Çıxışımda ən mühüm istinadlar NATO ilə bağlı rəvayətin təkzibi ilə bağlı olub. Mən öz ölkəmi nümunə götürürəm. Ölkəmiz işğaldan azad olunanda bunun bir daha təkrarlanmaması üçün əlimizdən gələni etdik. Bu o deməkdir ki, biz heç vaxt tək qalmamalıyıq", deyə Kallas bildirib.
Onun sözlərinə görə, Estoniyanın NATO-ya daxil olması xaricdən gələn iostək deyil, xalqın azad seçimidir:
"Burada NATO-nun genişlənməsindən hansısa bir şəkildə ölkələrin iradəsi ilə bağlı olmayan bir proses kimi danışırlar, amma mən bunu inkar edirəm. Rusiya özünü əslində öz imperiyasını müstəmləkələşdirməyə və genişləndirməyə çalışan sonuncu müstəmləkəçi dövlət kimi aparır. Bu, bəlkə də burada cavab tapılacaq, burada başa düşüləcək bir mövzudur”, deyə Estoniyanın baş naziri əlavə edib.
O, həmçinin qeyd edib ki, genişlənmə və eskalasiyada NATO-nu ittiham edənlər Rusiyanın irəli sürdüyü imperialist dili və ideologiyanı mənimsəyir: "NATO Rusiyanın təhlükəsizliyi üçün deyil, Rusiya imperializmi üçün təhdiddir”.
Onun sözlərinə görə, çıxışının üçüncü mühüm mövzusu müharibəyə reaksiya ilə bağlı olub ki, bu da öz növbəsində bütün dünyaya siqnaldır:
"Əgər aqressiyadan bir vasitə kimi istifadə etmək daha çox əraziyə və ya daha çox aktivə sahib olduğunuz üçün nəticə verirsə, o zaman daha çox gücə malik olan digər ölkələr də bu vasitədən istifadə edəcəklər. Bu halda biz özümüzü beynəlxalq hüquqa əsaslanan dünya nizamında deyil, kimin daha güclü olduğuna əsaslanan dünya nizamında tapırıq”.
Siyasətçi etimad oluna bilənlərlə əlaqə və əməkdaşlıq qurmağın vacibliyini də xatırladıb. Onun fikrincə, birgə səylərlə etibarsız tərəfdaşlardan asılılığı azaltmaq üçün Avropa İttifaqı ilə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası ölkələri arasında əməkdaşlığın intensivləşdirilməsi çox vacibdir.
Qeyd edək ki, iyunun 2-4-də Sinqapurda Şanqri-La Dialoqu adlı genişmiqyaslı təhlükəsizlik forumu keçirilir və burada Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibə əsas mövzulardan biridir. İştirakçılar arasında ABŞ, Çin və Avropa İttifaqının nümayəndələri, xüsusən də müdafiə nazirliklərinin rəhbərləri və yüksək rütbəli məmurları, hərbçilər, diplomatlar, silah istehsalçıları və təhlükəsizlik üzrə analitiklər var.
Aydın
Şərhlər