Dünya 23:00 19.02.2024

Navalnıdan sonra ABŞ-da "Respublikaçılar"ın "Putin qanadı" haqqında danışmağa başladı

Respublikaçılar partiyasının keçmiş üzvü Liz Çeyni (ABŞ-ın keçmiş müdafiə naziri və vitse-prezidenti Dik Çeyninin qızı – red.) bazar günü keçmiş prezident Donald Trampın Kremlin açıq-aşkar tənqidçisi Aleksey Navalnının ölümünə onun və Rusiya prezidenti Vladimir Putinin adını çəkmədən reaksiya verməsindən sonra Respublikaçılar partiyasının "Putin qanadına” qarşı xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Biz sizin Respublikaçılar partiyasında nə dərəcədə "Putin qanadı”nızın olduğunu ciddi qəbul etməliyik. Hesab edirəm ki, bu seçki dövrü məsələsi Respublikaçılar Partiyasının "Putin qanadı”nın Ağ Evi ələ keçirməməsinə əmin olmaqdır”, - Liz Çeyni bildirib.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Co Bayden və Trampın həbsdə olan Rusiya müxalifət liderinin ölümünə reaksiyaları kökündən fərqli olub.

Bayden, Navalnının ölümünün elanından sonra Ağ Evdə etdiyi şərhdə günahı qətiyyətlə "Putin və onun quldurları"nın üzərinə atıb: "Səhv etməyin: Navalnının ölümünə görə Putin məsuliyyət daşıyır. Putin cavabdehdir. Navalnının başına gələnlər Putinin qəddarlığının bir daha sübutudur. Heç kəsi aldatmaq olmaz”.

Bu arada Tramp seçki kampaniyasının müxalifət liderinin ölümünə rəsmi cavab olduğunu dediyi yazıda Navalnı haqqında birbaşa heç nə deməyib - bunun əvəzinə o, cinayət işləri və siyasi rəqibləri də daxil olmaqla, müxtəlif mövzularda 20 dəfədən çox paylaşım edib.

CNN xatırladır ki, bu ayın əvvəlində Tramp həmçinin Rusiyanı müdafiə xərcləri qaydalarına əməl etməyən NATO üzvü ilə "istədiyini etməyə” təşviq edəcəyini deyib. NATO rəhbəri Yens Stoltenberqin sözlərinə görə, bu, "ABŞ-ın təhlükəsizliyi də daxil olmaqla, bütün təhlükəsizliyimizi pozan və Amerika və Avropa əsgərlərini artan riskə məruz qoyan bir mövqedir”.

Çeyninin fikrincə, o, faktiki olaraq aydın şəkildə göstərdi ki, Tramp administrasiyası dövründə Birləşmiş Ştatlar çətin ki, NATO qarşısında öhdəliklərinə əməl etsin.
O, Trampın şərhlərini "təhlükəli” adlandırıb və bildirib ki, bu, "Amerikanın dünyadaki rolunu tam başa düşmədiyini” göstərir.

Çeyni həmçinin üçüncü tərəf kimi prezidentliyə namizəd olub-olmayacağına hələ qərar vermədiyini bildirib, lakin "Donald Trampı məğlub etmək üçün nə lazımdırsa” edəcəyini vurğulayıb. 

Nizami Bağırov