Dünya 16:34 16.02.2024

Navalnının ölümü kimə sərf edirdi? (ŞƏRH)

"Aleksey Navalnının ölümü Rusiyadakı hakimiyyət daxili ayrı-ayrı qüvvələrin əməli, yaxud da xaricdən uzanan "görünməz əl"in işi ola bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Qulamhüseyn Əlibəyli Rusiyanın müxalift lideri Aleksey Navalnının cəzaçəkmə müəssisəsində ölüm faktını şərh edərkən deyib:
 


"Hesab edirəm ki, Navalnını aradan götürməkdə Rusiya hakimiyyəti o qədər də maraqlı deyil. Kreml onu aradan götürmək istəsəydi, bu vaxta qədər edərdi. Seçkilər ərəfəsi Kreml hakimiyyəti üçün proseslərdən kənarlaşdırılmış bir şəxsi aradan götürmək o qədər də sərfəli deyil. Rusiya hakimiyyətinə əksinə, Navalnı kimi şəxsin müxalifətçi imici lazım idi. Güman etmək olar ki, Navalnının ölümü Rusiya hakimiyyət daxilindəki ayrı-ayrı qüvvələrin əməlinin nəticəsidir. Yaxud da bu hadisə xaricdən idarə olunub".

Qeyd edək ki, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında vəfat edib. İlkin ehtimala görə, o, qan laxtalanmasından (tromb) dünyasını dəyişib.

"Baza"nın xəbərinə görə, Navalnının bu gün saat 13:00 radələrində vəziyyəti pisləşib. Onun üçün təcili yardım çağırılıb. Həkimlərin səylərinə baxmayaraq, Navalnı saat 14:17-də vəfat edib.

"Həkimlər Aleksey Navalnının ölümünün səbəblərini öyrənməlidirlər". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Navalnının ölümü ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verilib. O, həmçinin qeyd edib ki, Federal Penitensiar Xidmət bütün yoxlamaları həyata keçirir: "Burada xüsusi göstərişlərə ehtiyac yoxdur”.

Rüfət Sultan