Video 15:45 23.05.2023

Nazənin Lotu Quliyə mahnı həsr etdi: "Həmin gün onun ad günü idi" (VİDEO)

Müğənni Nazənin vəfat etmiş "qanuni oğru" Nadir Səlifova (Lotu Quli) mahnı həsr edib. 

Qaynarinfo xəbər verir ki, müğənni "Ürəklərdə qaldın” adlı mahnını sosial şəbəkə hesabında paylaşıb və belə bir qeyd yazıb: "Bu mahnı rəhmətlik Quli qardaşımızın bacısı Leyla xanımın adından Quli qardaşıma ithaf olunur”. 

Müğənninin prodüsseri Qaynarinfo-ya bildirib ki, mahnı iki il əvvəl ifa olunub: "Həmin gün onun ad günü idi, bu üzdən yenidən paylaşılıb”.

Bir müddət əvvəl meyxanaçı Pərviz Bülbülə kriminal aləmlə bağlı meyxana sifarişlərinə qadağa qoyulduğunu açıqlamışdı: "İfa etdiyim meyxana və musiqili meyxanalarda cinayətkarlığı və kriminal aləmi, eləcə də ayrı-ayrı kriminal həyat tərzi keçirən şəxsləri təbliğ etmək qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olduğundan, bu kimi müraciət və sifarişlərin tələb olunması qanuna müvafiq deyil! Əks halda cinayət məsuliyyətinə cəlb olunacağımı nəzərə alaraq bu kimi sifarişlərin dayandırılmasını xahiş edirəm”.

Onun bu açıqlamasından sonra meyxanaçı Ağamirzə Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirmişdi ki, məclislərdə və musiqili verilşlərdə cinayətkarlığı, kriminal aləmi, eləcə də ayrı-ayrı kriminal həyat tərzi keçirən şəxslərin təbliği ilə bağlı meyxana ifaçılarına sifarişlər verilir:

"Mənim özümə də belə sifarişlər verilib. Həmin vaxt sadəcə bunları deyirəm - filankəs var olsun, millətimizin oğludur və yaxud da dünyasını dəyişibsə, Allah onun ruhunu şad eləsin, vəssalam. Meyxana deyişmələrində, şeirlərdə kriminal həyat tərzi keçirən şəxsləri təbliğ eləmək doğru deyil. Ola bilər ki, əvvəllər belə meyxanalar deyilb, amma bundan sonra olmayacaq. Bizə göstəriş var, bundan sonra heç bir meyxanaçı cinayət aləmini təbliğ etməyəcək. Bu günə kimi yaxşılara yaxşı demişik, artıq söhbətlər etməmişik, bundan sonra da atrıq "qırmızı xətt” keçməyəcəyik”.  

Müğənni Nazəninin mahnısı bu məsələni yenidən gündəmə gətirib. Mahnı kriminal aləmin təbliği kimi qiymətləndirilib. Lakin müğənninin prodüsseri bunlara münasibət bildirmək istəməyib. 

Xatırladaq ki, "qanuni oğru” Nadir Səlifov 2020-ci ilin avqustunda Türkiyədə güllələnib. O, Antalyadakı otellərin birində Xan Əhmədlinski kimi tanınan Xaqan Zeynalov tərəfindən sui-qəsdə məruz qalıb. Hadisədən dərhal sonra Xaqan Zeynalov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Bahar Rüstəmli