Amal Abuşov
İdman 09:17 29.04.2022

Nazim Süleymanov nə istəyirdi?

Amal Abuşov 

Veteran futbolçu Nazim Əliyevin səhhətində ciddi problem var. Bir vaxtlar yaşıl meydanlarda vurduğu qollarla azarkeşləri ayağa qaldıran hücumçu indi xəstəliyə qalib gəlməyə çalışır. Adam bizim milli çempionatların ən məhsuldar futbolçusudu, düz üç mövsüm "qol kralı" adını qazanıb. İndi Azərbaycan futbolunun qol vuran yerliyə həsrət qaldığı zamanda Nazim Əliyev bizim üçün muzey eksponatı kimidi, gənclərin, futbolda ilk addımlarını atanların ondan öyrəncəyi çox şey var. Təəssüflər olsun ki, biz belə istedadları qorumağı, gənc nəslin onlardan öyrənməsini təmin edə bilmirik. 

Ötən ilin yayında talesiz bir avtomobil qəzasına qurban gedən Səmədağa Şıxlarov da bir vaxtlar xəstə yatağında yardıma ehtiyac duyurdu, kömək gözləyirdi. Ardıcıl ağır ürək əməliyyatları keçirən Şıxlarov futboldan didərgin salınmış, AFFA tərəfindən unudulmuşdu. Onun əməliyyatlarından sonuncusunun pulu dost-tanışı tərəfindən toplanıb, özəl xəstəxanın hesabına köçürülmüşdü. İctimai qınaq artandan, futbolumuzun başbilənlərinə qınaqlar ünvanlanandan sonra AFFA "qəflət yuxusu"ndan oyanmışdı. AFFA sonradan əməliyyatın pulunu xəstəxanaya yolladı, rəhmətlik Səmədağa Şıxlarov da həmin pulla dost-tanışının borclarını qaytardı. Məlum məsələ idi ki, ictimai qınaq olmasaydı, AFFA Şıxlarovun əməliyyatı üçün maddi kömək göstərməyəcəkdi. 


Nazim Əliyev

Nazim Əliyevlə durum da buna oxşayır. Ötənlərin məşhur hücumçusu "Fanat.az"a dərdini danışandan, diqqətsizlikdən şikayətlənəndən sonra onunla əlaqə saxlayıb, kömək edəcəklərini bildiriblər. Eyni ilə "ağlamayan uşağa süd verməzlər" məsəlində olduğu kimi. Halbuki, bu cür problemlərin daha sivil həlli yolları var. Futbol veteranlarını, dağdan ağır kişiləri "süd üçün ağlayan çağa"nın gününə salmadan da qorumaq, qayğı ilə əhatə etmək mümkündü. 

Bir vaxtlar Nazim Süleymanov da bunu istəyirdi, buna çalışırdı. Azərbaycan futbolunun canlı əfsanəsi uzun müddətdi ki, AFFA-nın "yadından çıxıb", onun üzünə bütün qapıları bağlayıblar. Sözsüz ki, Süleymanov həm futbolçu, həm də insan kimi AFFA-nın göstərdiyi diqqətdən daha yüksəkdə dayanan biridi. Sözümün canı heç o da deyil. Nazim Süleymanov bir qrup veteranı başına toplayıb, AFFA Həmkarlar İttifaqı yaratmışdı. İstəyirdi ki, bütün sivil toplumlarda, təşkilatlarda olduğu kimi, futbol veteranlarının hüquqları qorunsun, müəyyən yaşdan sonra da onlar qayğıyla əhatə olunsun, canlarını Azərbaycan futbolu üçün qoyanlar arxivin bir küncünə atılmasın. AFFA Süleymanovu "xalq düşməni" elan etdi, veteranları min bir hiylə və şirnikləşdirici təkliflərlə onun ətrafından perik saldılar. 

Bu da nəticəsi. Ötənlərin məşhur futbolçuları, hər kəsdə olmayan istedad yiyələri taleyin ümidinə buraxılıb, xəstə yatağında dərdləri ilə baş-başa qalıblar. Çox təəssüf. Zamanında səsini çıxartmayanları sonradan heç kəs eşitmək istəmir...