Foto 13:21 31.10.2023

Nazir müavini Qazaxıstanda ərzaq təhlükəsizliyi üzrə beynəlxalq tədbirdə iştirak etdi (FOTO)

Qazaxıstanın paytaxtı Astana şəhərində MDB-yə üzv dövlətlərinin ərzaq təhlükəsizliyinin təmin edilməsində əməkdaşlığa dair Nazirlər Konfransı  keçirilib. Tədbirdə MDB İcraiyyə Komitəsinin üzvləri, Azərbaycan, Belarus, Rusiya, Tacikistan, Türkmənistan, Qırğızıstan, eləcə də Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) nümayəndələr iştirak edib. Azərbaycanı beynəlxalq tədbirdə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov təmsil edib.

Konfransda çıxış edən Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, qlobal iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirlərinin aradan qaldırılması torpaq və su ehtiyatlarından səmərəli istifadəni zəruri edir. Nazir müavini qeyd edib ki, bütün dünyada urbanizasiya prosesi, əhalinin sayının artması, xüsusilə də istehsal olunan ərzaq məhsullarının böyük hissəsini istehlak edən şəhər əhalisinin durmadan artması daha çox məhsul istehsalını labüd edir. Bu səbəbdən daha yüksək məhsuldarlığın təmin edilməsi üçün kənd təsərrüfatının rəqəmsallaşdırılması, qabaqcıl texnologiya və ən yaxşı təcrübələrin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Elçin Zeynalov vurğulayıb ki, Azərbaycan hökuməti kənd təsərrüfatının rəqəmsallaşdırılmasına xüsusi önəm verir və bu istiqamətdə ciddi addımlar atılıb. 

Konfransda əhalinin sürətli artımı, dəyişən istehlak  tələbləri, iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi fonunda dünyada ərzaq və qida təhlükəsizliyinin təmin olunması ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçıları müasir çağırışlar fonunda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıblar.