İdman 13:20 05.04.2023

Nazirlikdən Gəncə Şəhər Stadionu ilə bağlı açıqlama: "Xahiş edirəm..."

Azərbaycan Premyer Lqiasının 28-ci turu çərçivəsində baş tutan "Kəpəz" - "Səbail" matçında Gəncə Şəhər Stadionunun meydançasının bərbad vəziyyətdə olduğu göründü. Meydança demək olar "keçəl" idi. Ümumiyyətlə, Gənclər və İdman Nazirliyinin (GİN) balansında olan stadion uzun müddətdir bərbad və qəzalı vəziyyətdədir.
 
"Kəpəz" rəhbərliyi ilə yanaşı, nazirlik də azarkeşlər, futbol ictimaiyyəti tərəfindən stadionu diqqətdən kənarda saxlamaqda günahlandırılır. Məsələ ilə bağlı "Kəpəz”in icraçı direktoru İlqar Nadiri də fikirlərini bildirmişdi. Klub rəsmisi saytımıza açıqlamasında nazirliyin məsələdən xəbərdar olduğunu söyləmişdi. Ancaq problemin illərdir davam etməsinə baxmayaraq, hələ ki, stadionun təmir olunması yönündə hərəkətlilik yoxdur. Bəs Gəncə Şəhər Stadionu ilə bağlı yaxın gələcəkdə hansısa planlar varmı? Ümumiyyətlə, nazirlik stadionun hazırkı durumundan nə dərəcədə xəbərdardır? Heç olmasa, ən azı "Kəpəz"in normal oynaması üçün meydançanın yaxın vaxtlarda normal vəziyyətə gətirilməsi düşünülürmü?
 
Təbii, bütün bu suallara nazirlikdən cavab almağa çalışdıq. Ancaq GİN-in Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev Qaynarinfo-ya açıqlamasında qısaca bunları söylədi: 

"Stadion "Kəpəz" futbol klubunun istifadəsinə verilib. Ot örtüyü məsələsi də klubun öhdəliyində olduğu üçün xahiş edirəm, məsələ ilə bağlı kluba müraciət edin”.

Kluba müraciət edəndə, stadion nazirliyin balansında olduğu üçün məsələyə məhz dövlət qurumunun cavabdehlik daşıdığı bildirilir. Bu səbəbdən sualları hələ bir neçə gün öncə ünvanlamışdıq. Ancaq göründüyü kimi, o boyda nazirlikdə doğru-düzgün cavab verən yüksək vəzifəli nümayəndə tapılmadı. Bütün bunlara baxmayaraq, hələ də ətraflı cavab gözləyirik…

Səbuhi Həsənov