Hüseynbala Səlimov
Dünya 12:40 07.11.2022

Nə vaxtsa bütün “...izm”lərin sonu gələcək...

Bütün hallarda İran daha əvvəlki kimi olmayacaq - bəli, bu sözləri hansısa kənar siyasi müşahidəçilər deyil, İran cəmiyyətinin öz təmsilçiləri deyirlər. Bu isə o deməkdir ki, insanların ürəklərindən xof çıxıb, daha onlar heç nədən qorxub-çəkinmirlər. Müasir sosiologiya təlimlərinə görə insanlar hansı cəmiyyətdə istəyirlərsə, o cəmiyyətdə də yaşayırlar. Bəli, qırx ildən sonra insanlar islam inqilabına, ruhani rejiminə "yox” deyirlər və böyük ehtimalla bunun bir nəticəsi olacaq.

Üstəlik, İrandakı etirazlar artıq beynəlxlaq güclərin də diqqətini cəlb edir. Ötən həftə ABŞ prezidenti Co Bayden maraqlı və çoxmənalı bəyanatla çıxış etdi. O, dedi ki, "biz İranı azad edəcəyik". Doğrusu, bu bəyanat birmənalı qarşılanmadı. İrandakı hakim rejim iddia edir ki, guya etiraz aksiyaları Tehrana qarşı aparılan hibrid müharibənin bir hissəsidir. 

Rejim bu vaxta qədər müxtəlif bəhanələrlə insanları təqib edib. Baydenin sözləri repressiyaları gücləndirmək üçün onların əlində bir bəhanə olacaq. Amma çox güman Bayden də başa düşür. İndi etirazlar elə bir səviyyəyə çatıb ki, onlara müdaxilə etməmək, dəstək verməmək heç də düzgün olmazdı. Belə ki, ABŞ böyük dövlətdir, onun siyasətçiləri və diplomatları nəyi necə və nə vaxt deməyi hamıdan yaxşı bilirlər...

Bəli, İranda azadlıq mübarizəsi gedir. İnsanlar rejimdən qurtulmaq və ona son demək istəyirlər. Təxminən qırx il gözlədilər. Qırx il islahatçılar və mühafiəkarlar haqqında nağılları dinlədilər. Amma olmadı, əsl islahat baş vermədi. Bu illər ərzində yaddaşlarda İran prezidentlərindən birinin sözləri qaldı: Heç bir ideya azadlıqla rəqabətə girə bilməz. Bəli, budur, indi insanlar İranda azadlıq uğrunda mücadiləyə başlayıblar və güman ki, bu, ciddi nəticələrə gətirib çıxaracaq.

Amma son hadisələr, İranda baş verən etirazlar başqa rejimlər üçün də, başqa totalitar və avtoritar utopiyalar üçün də bir dərs olmalıdır - bütün "...izm”lər müvəqqətidir, onların hamısının bir gün sonu yetişir. Düzdür, bu proseslər heç də birmənalı şəkildə azadlığa gətirib çıxarmır. Bunu biz Misirin timsalında gördük - bir hərbi diktatoru başqası əvəz etdi. Üstəlik, Suriyadakı proseslər göstərdi ki, diktatura rejimləri heç də həmişə siyasi səhnədən getmir - bütün səylərə baxmayaraq, Bəşər Əsəd hakimiyyətdən getmədi. 

Ona görə də mövcud İran rejiminin sonunun yaxınlaşdığını zənn etmək hələ bir az tezdir. Düzdür, etirazlarda iki yüzdən çox adam həlak olub. Suriyada bu ədəd on minlərlədir, biz hələ qaçqın və ya məcburi köçkünləri demirik. Amma Əsəd hakimiyyətdən getmədi və proseslər Əsəd rejiminin ciddi transfomasiyasına gətirib çıxarmadı. 

Amma bütün hallarda İranda belə olmayacaq. Çünki İran cəmiyyəti siyasi cəhətdən daha səriştəli və savadlıdır. Həm də insanlarda mübarizə əzmi güclüdür. Hər halda, ümidlər böyükdür və bu ümidlər belə deməyə əsas verir ki, 21-ci əsrdə insanları "əxlaq polisi” ilə təqib etmək etmək orta əsrlərin dini-feodal rejimlərini xatırladır - bəli, məhz inkvizisiya dövründə belə edirdilər. İnsanları tonqallarda yandırır, onları cadugər adı ilə təqib edirdilər. Düşünürəm  ki, bu qəddarlığa bir son veriləcək. Amma rejim islahatlar aparmağa tələsmir. Halbuki bu islahatlar daha fatal proseslərin qarşısını ala bilərdi. 

Həm də ruhani rejimi başa düşür ki, dünyəvi islahatlar onların hakimiyyətinin sonu demək olardı. Bəli, bu illlər ərazində ruhanilər bir siyasi elita kimi formalaşıb, imtiyazlı bir təbəqəyə çeviriliblər. Bir daha deyirəm ki, istənilən dünyəvi siyasi islahatlar onların hakimiyyətinin sonu deməkdir, çünki İrnada teokratik rejim hökm sürür. Etirazlar isə ilk növbədə bu teokratik rejimə qarşı yönəlib. Orta əsrlərdə Avropadakı inkvizisiya rejimləri də əbədi olmadı, onların hamısı bir gün çökdü. İran rejimi də belə olacaq. Ən azı iranlı fəalların və təhlilçilərin özləri belə deyirlər...

Hüseynbala Səlimov