Dünya 15:01 05.11.2022

"Necə olur ki, NATO Türkiyənin maraqlarını nəzərə almır?" - Zərdüşt Əlizadə

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında keçirilib. Görüşdə Türkiyə-NATO münasibətləri, Ukraynada davam edən müharibə, taxıl dəhlizi, Finlandiya və İsveçin NATO-ya üzv qəbul edilməsi və digər məsələlərin müzakirə edildiyi bildirilir.

Politoloq Zərdüşt Əlizadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Ərdoğanla Stoltenberq arasında müzakirə olunası bir nömrəli məsələ Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsidir. Ekspert onu da bildirir ki, Ankara Finlandiya və İsveç məsələsində tutduğu mövqeyində tam haqlıdır:

"NATO rəhbərliyini ilk növbədə Türkiyənin İsveç və Finlandiyanın quruma üzvlüyü məsələsində tətbiq etdiyi veto hüququnun götürülməsi maraqlandırır. Ankara prinsip olaraq həmin iki ölkənin NATO üzvü olmasının əleyhinə deyil. NATO üzv ölkələrin təhlükəsizliyini birgə qoruyur. Belə olan halda, Türkiyənin bütövlüyünə qəsd edən terrorçular necə olur ki, İsveç və Finlandiyada sığınacaq tapır, azad, sərbəst şəkildə öz fikirlərini təbliğ etməyə imkan qazanırlar? Onlardan bəziləri hətta bu ölkələrin parlamentinə seçilir və buradan Türkiyənin parçalanmasına çağırış edirlər. Necə olur ki, NATO üzvü Türkiyənin milli marağına qəsd edən ölkələr həmin quruma üzv olmaq istəyir? Ankara tələb edir ki, həmin ölkələr Türkiyə dövlətinə qarşı çağırışlara son qoysun və kürd separatçılarına sığınacaq verməsin. Türkiyənin tələbi ağlabatandır. Çünki  NATO birgə müdafiə təşkilatıdır. Ora üzv olan bütün dövlətlər isə öz üzvlərinin təhlükəsizliyi və ərazi bütövlüyünə təminat verməlidir”. 
 


Politoloq bununla belə bildirir ki, Finlandiya və İsveç üçün Türkiyənin tələblərini yerinə yetirmək çox çətindir:

"Bu dövlətlər həddən artıq azad və demokratikdirlər. Ona görə də orada istənilən fikri səsləndirmək olar. Orada sözə görə heç kimi təqib etmirlər. Həmin ölkələrdə parlament üzvünə bu və ya digər fikri səsləndirməməklə bağlı qadağa qoymaq da mümkün deyil. Onlar bir tərəfdən Türkiyənin hüquqi baxımdan haqlı tələblər irəli sürdüyünü anlayırlar. O biri tərəfdən də Konstitusiya var və öz dövlətlərinin daxili-siyasi quruluşuna qarşı çıxa bilmirlər. Ona görə də xeyli müddətdir məsələ ətrafında danışıqlar gedir. Bir sözlə, hazırda NATO-nu düşündürən əsas məsələ qurumun taleyi, Finlandiya və İsveçin ora qoşulması, Türkiyənin ona qoyduğu yasaq və irəli sürdüyü hüquqi baxımdan tamamilə ədalətli tələblərin ödənilməsidir”. 

Rüfət Sultan