Ekonomiks 16:21 01.08.2022

Neftçala RİH vergi borcu olan şirkətə tender verdi

Neftçala Rayon İcra Hakimiyyəti mənzil fondunun əsaslı təmir işlərinin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Uğurlu İnşaat” MMC olub. İcra Hakimiyyəti ilə şirkət arasında maliyyə dəyəri 60 543.18 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Uğurlu İnşaat” MMC 27 yanvar 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 15010 AZN təşkil edən şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Talıb Rəfail oğludur.

Açıq mənbələrdə Talıb Əliyev haqqında hər hansı məlumat yoxdur. "Uğurlu İnşaat” MMC-yə gəlincə, şirkət 2 ildir fəaliyyət göstərməsinə baxmayaraq, artıq 4 satınalma müsabiqəsinin qalibi olub. Şirkətlə bağlanan satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 039 038.28 AZN təşkil edir. 

Araşdırmalarımız zamanı bəlli olub ki, "Uğurlu İnşaat” MMC-nin vergi borcu var. Şirkətin bu günə olan vergi borcu 15 685.83 AZN-dir.
"Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakını qadağan edir. 

Həmçinin qanunun 6.2.1-ci maddəsində qeyd olunur ki,  satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması gərkdir. İki ildir fəaliyyət göstərən şirkətin bu kriteriyalara cavab verdiyi inandırıcı görünmür.

Seyid