İdman 10:20 16.01.2024

"Neftçi" 2,3 milyon avro qiyməti olan italyan hücumçu transfer edir

"Neftçi" Rumıniyanın "Styaua" klubunun futbolçusu Andrea Kompanyonu transfer etmək istəyir.

Qaynarinfo "Digi Sport" nəşrinə istinadən xəbər verir, bu barədə Bakı klubunun sabiq baş məşqçisi Adrian Mutu açıqlama verib.

Mütəxəssis hələ "Neftçi"də olarkən italiyalı hücumçunu yanına gətirmək istədiyini etiraf edib. Mutunun sözlərinə görə, "ağ-qaralar" yenidən onunla əlaqə saxlayaraq, Kompanyo ilə bağlı məsləhət alıblar.

"Styaua"nın sahibi Cici Bekali də 27 yaşlı forvardı qış transfer dönəmində satacaqlarını etiraf edib: "Kompanyo üçün 400 min avroluq təklif aldım. Düşünürəm ki, onu satacağam".

Qeyd edək ki, italiyalı forvard karyerası ərzində ölkəsinin "Kataniya", "Due Torri", "Pinerolo", "Argentina Arma", "Borqosesia", "Nuorese", San Marinonun "Tre Fiori" və Rumıniyanın "Universitatya Krayova" klublarında çıxış edib. "Styaua" 2022-ci ilin yayında onu "Universitatya Krayova"dan 1,5 milyon avroya transfer edib. Andrea Kompanyo cari mövsümdə 22 oyuna çıxaraq 4 qol vurub. "Transfermarkt" ona 2.3 milyon avro qiymət qoyub.

Aydın