İdman 17:15 10.05.2023

“Neftçi” veteranı çatışmazlıqlardan danışdı: “Bu amillərə mütləq fikri verilməlidir”

Cari mövsümün əvvəlində həyata keçirdiyi transferlərlə çempionluğa iddialı görünsə də, "Neftçi” gözləniləni həyata keçirə bilmədi. Nəticədə bu gün üçüncü pillədə qərarlaşan komanda həm azarkeşlərin həm də futbol ictimaiyyətinin tənqid mərkəzindədir. 

"Neftçi”nin keçmiş futbolçusu və məşqçisi Bəxtiyar Musayev də cari mövsümü komanda üçün uğursuz hesab edir. O, Qaynarinfo-ya açıqlamasında Laurentsiu Regekampfın kollektivinin ən pis halda "Qarabağ”dan sonra ikinci pillədə yer tutmalı və lider rəqibi ilə böyük xal fərqi saxlamamalı olduğunu deyib:

"Dəfələrlə bu barədə demişdim. "Neftçi” olmalı olduğu yerdə deyil. Ən azı çempionluq uğrunda "Qarabağ”la mübarizəyə qoşulmalı idi. "Sabah”ı üstələməli idi. Həm heyət, həm köklü klub olması baxımından ən azı ikinci yer uğrunda oynamalı, "Sabah”a uduzmamalı idi. Bunu görmədik. Dəfələrlə demişəm, məşqçi işi o deyil. Məşqçinin oyun üslubu, gedişata müdaxiləsi lazımi səviyyədə deyil. Gələcək illərdə daha güclü "Neftçi” görünməsini istərdim. İllərimiz bu komandada keçib. Çempionluq uğrunda yarışmaması kənardan yaxşı görünmür. Rəqabət apara bilmir”.

Musayev ötən turda baş tutan "Turan Tovuz”la oyunda böyükhesablı məğlubiyyətin səbəbi haqqında sualı cavablandırıb, həmçinin hansı dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb:

"4:0 çox ağır məğlubiyyətdir. Bu hesab "Neftçi”yə heç yaraşmır. Daha səviyyəli futbolçular alınmalıdır. Çempionluğa layiq məşqçi işi görünmədi. Geniş heyət olmalı,  daha usta futbolçular dəvət edilməlidir. Çempionluq uğrunda mübarizədən danışırıqsa, bu amillərə mütləq fikri verilməlidir”.

Əksəriyyət, hətta "Neftçi”nin öz azarkeşləri komandanın bu vəziyyətə düşməsində rəhbərliyi günahlandırır. Bəs Musayev nə düşünür?

"Hər kəsin üzərinə yük düşür. Neçə illərdir "Neftçi”ni idarə edən şəxslər var. Heç kim yaxasını kənara çəkməməlidir. Həm klub rəhbərliyi, həm məşqçilər məsuliyyət daşıyır. Təkcə futbolçuları və ya məşqçiləri günahlandırmaq olmaz. "Neftçi” çempionluq uğrunda rəqabətə dözümlü deyil. "Sabah”la "Qarabağ” arasında 7 xal fərq var. Düşünürəm ki, bir qədər də çox ola bilərdi. Amma "Neftçi” ilə "Qarabağ” arasında böyük xal fərqi var, bu da təəssüf doğurmaya bilməz”.

Hazırkı durumu haqda danışan keçmiş futbolçu hazırda müstəqil şəkildə menecer kimi fəaliyyət göstədiyini də bildirdi:

"Sərbəst şəkildə fəaliyyət göstərirəm. Tanışlar var, xarici futbolçular təklif edirlər, baxıram. Müraciət edənlərə dəstəyimi göstərirəm. Bu ildən daha aktiv şəkildə çalışmaq istəyirəm. Klublardan təklif yoxdur. Olsa, dəyərləndirərəm, çalışaram. Gedib kiminsə qapısını döyməyəcəm ki...”

Səbuhi Həsənov