Dünya 14:50 06.02.2023

Neftin tavan qiyməti Rusiyanı yanvarda 8 milyard dollar gəlirdən məhrum etdi

G7 ölkələrinin Rusiya neftinin qiymətlərinə tətbiq etdiyi məhdudiyyət Rusiya Federasiyasını yanvar ayında 8 milyard dollar gəlirdən məhrum edib.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol deyib.
 
Onun fikrincə, Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollar səviyyəsində məhdudlaşdırılması həm neft bazarlarını sabitləşdirmək, həm də Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirləri azaltmaq məqsədinə nail olub.

Beləliklə, agentliyin hesablamalarına görə, Rusiyanın neft gəlirlərinin ötən illə müqayisədə yanvarda təxminən 30% və ya təxminən 8 milyard dollar azalması ehtimalı var.

Daha əvvəl bildirilirdi ki, Qərbin Rusiya neftinin qiymətinə tətbiq etdiyi məhdudiyyətlər Kremlə gündə 160 milyon avro (172 milyon dollar, ayda təxminən 5 milyard dollar) ziyan vurur.

Xatırladaq ki, G7 ölkələri dekabrın 5-dən etibarən Rusiya Federasiyasından dəniz yolu ilə ixrac edilən neftin bir barel üçün 60 dollar səviyyəsində "qiymət tavanı” təyin etmək barədə razılığa gəliblər.

Aİ və G7 fevralın 5-dən Rusiya neft məhsulları üçün qiymət tavanı tətbiq etmək barədə razılığa gəliblər: Rusiya dizelinə 100 dollar, müxtəlif yağlara isə 45 dollar.

Üzv ölkələr həmçinin mart ayında Rusiya xam neftinin marjinal qiymətinə yenidən baxılması barədə yazılı öhdəlik götürüblər. İndi qiyməti 60 dollardır.

Nizami Bağırov