Dünya 13:22 26.05.2023

Niderland Putinin keçmiş kürəkəninin torpağına həbs qoydu

Niderland prokurorluğu Rusiya prezidentinin qızı Mariya Vorontsovanın keçmiş əri, iş adamı Yorrit Faassenin torpağına həbs qoyub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Projekt”, "The Guardian” və "Follow the Money” nəşrlərinin araşdırmasında deyilir.

Faassen Amsterdamın cənub-şərqində, Duyvendrehti rayonunda 1432 kvadratmetrlik torpaq sahəsinə sahibdir. İndi ərazi boşdur, lakin 2021-ci ildə iş adamı ev və altı kiçik ofis binasının tikintisi üçün müraciət edib.

Lakin 2022-ci ilin martında Amsterdam bələdiyyəsi Faassenin Putinlə əlaqəsinə əsaslanaraq icazə prosesini dayandırıb. İş adamı daimi olaraq Moskvada yaşayır.
Niderlandın torpaq reyestrindəki qeyddən məlum olur ki, mayın 12-də milli prokurorluq tərəfindən cinayət istintaqı çərçivəsində maliyyə, iqtisadi və ekoloji qanun pozuntularına görə həmin ərazi üzərinə həbs qoyub. 

Bu, Faassenin cinayət işində keçdiyini göstərə bilər, lakin rəsmi olaraq dəqiq məlumat əldə etmək mümkün olmayıb: Niderland prokurorluğu həbsin səbəbi və Putinin keçmiş kürəkəninin istintaq altında olub-olmaması ilə bağlı şərh vermir.

Eyni zamanda, araşdırmaçıların mənbələrinə görə, Faassen bu yaxınlarda Niderlanda çatdıqdan sonra "sanksiyadan yayınma” şübhəsi ilə Sxiphol hava limanında hüquq-mühafizə orqanları tərəfindən dindirilib və onlar onun noutbukunu və mobil telefonunu müsadirə ediblər. Bundan sonra o, dərhal Moskvaya qayıdıb.
Yorrit Faassen 2008-ci ildə Mariya Vorontsova ilə evlənib, lakin sonradan cütlük boşanıb və Rusiya mətbuatının yazdığına görə, onların 10 yaşlı oğulları var.
Putinin iki yetkin qızı Mariya Vorontsova və Yekaterina Tixonova 2022-ci ilin aprelində Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Aİ və ABŞ-ın sanksiya siyahısına salınıb. Bununla belə, Faassenə qarşı heç bir sanksiya tətbiq edilməyib.

Nizami Bağırov