Dünya 15:54 02.01.2023

"Nikkei": Yaponiya Zelenskini G7 sammitinə dəvət etmək istəyir

2023-cü ildə G7-nin sədri statusunu öz üzərinə götürən Yaponiya Ukrayna prezidenti Vladimir Zelenskini G7 sammitində onlayn formatda iştiraka dəvət etməyi planlaşdırır. Görüş mayın 19-dan 21-dək Xirosimada keçiriləcək.

Qaynarinfo Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei” qəzeti yazıb.

Nəşrin yazdığına görə, Tokio Ukraynadakı hərbi əməliyyatların "intensiv müzakirəsi” üçün şərait yaratmaq istəyir. Zelenskinin çıxışı G7 liderlərinə ölkədəki vəziyyəti "birbaşa öyrənməyə” imkan verəcək.

Yaponiyanın baş naziri Fumio Kişida yanvar ayında Böyük Britaniya, Fransa, İtaliya və ABŞ kimi digər G7 ölkələrinə səfər etmək niyyətindədir. 
Qəzet yazır ki, Tokio üçün assosiasiyaya üzv ölkələrin rəhbərlərinin Ukraynada nizamlanma məsələsi ilə bağlı hərəkətlərinin əlaqələndirilməsi Tayvan və ÇXR hakimiyyəti arasında mümkün münaqişəyə hazırlıq baxımından mühüm addım olardı.

Xatırladaq ki, Zelenski Almaniya kansleri Olaf Şolzun dəvəti ilə 2022-ci ilin yayında - iyunun 26-28-də Elmauda keçirilən G7 sammitində onlayn formatda iştirak edib. Prezident oktyabrın 11-də, Rusiya ordusunun ölkənin infrastrukturuna kütləvi zərbələr endirdikdən bir gün sonra G7-nin fövqəladə onlayn sammitində də iştirak edib.

Alpər