Novruz bayramının bir çox atributları mövcuddur. Həmin ənənələrin bəziləri keçmişdən bu günümüzə qədər gəlib, bəziləri isə sistemli şəkildə sıradan çıxmaq məcburiyyətində qalıb, amma onlar xalqın yaddaşından silinməyib.
Ümumiyyətlə, Novruz süfrəsində nələr olmalıdır?
Filologiya üzrə elmlər doktoru İlhamə Qəşəmova Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan xalqı süfrə mədəniyyətini hər zaman nümayiş etdirib:
"Novruz da kompleks bayramdır, milli-mənəvi dəyərlərin hər biri özünü göstərir. Keçmiş zamanlarda hər bölgənin özünün milli mətbəxi var idi ki, bundan çox geniş istifadə olunurdu. Süfrəyə daha çox qurudulmuş meyvə qoyulardı. Süfrələrin ən kasıbında belə quru meyvələr düzülərdi. Artıq demək olar ki, bu gün biz həmin adətlərimizə dönmüşük, keçmişimizə qayıtmışıq. Quru meyvələr və şirniyyatlar süfrəmizin bəzəyidir”.
Milli mətbəxtə gəlincə, İlhamə Qəşəmova deyir ki, süfrələr hər biri bölgələrə məxsus şəkildə yeməklərlə zəngindir:
"Hər bölgənin öz mətbəxti var. Əvvəllər çərşənbə axşamı mütləq xəmir aşı, əriştəli plov, südlü plov balıqla süfrəyə verilərdi. Süfrə bəzəklərində ən öndə boyanmış yumurta dayanırdı. Həmin yumurtaların üzərindəki boyalar və əl işləri qədim xalqların həm də toxuculuq, əl əməyi ilə çalışdığını nümayiş etdirir”.
İlhamə Qəşəmova hesab edir ki, Novruz bayramını odsuz-ocaqsız təsəvvür etmək qeyri-mümkündür, buna görə də hər yerdə tonqallar qalanır.
Bahar Rüstəmli
Şərhlər